Modern.az

“Passiv və mediaya qapalı deputatdır” - Parlament jurnalistləri Xanlar Fətiyevi xarakterizə etdilər

“Passiv və mediaya qapalı deputatdır” - Parlament jurnalistləri Xanlar Fətiyevi xarakterizə etdilər

Parlament

8 Yanvar 2014, 12:52

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az saytı parlament jurnalistləri arasında sorğu apararaq bu dəfə Xanlar Fətiyevi millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib.

Arayış: Xanlar Fətiyev 15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə «Azərtransqaz» nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990-1991-ci illərdə «Betonçu» kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994-1997-ci illərdə «Elruz» kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə «Avestas» firmasının baş direktoru, 2003-2004-cü illərdə «Aznur» MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Milli Məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Xanlar Fətiyev adlı deputatın olduğunu eşitmişəm, onu Milli Məclisin iclaslarına gəlib-gedəndə də görmüşəm. Amma deputat olduğu üç ildən artıq müddətdə bir dəfə də çıxış etdiyinin, təklif irəli sürdüyünün şahidi olmamışam. İstər cari məsələlərin, istərsə də qanun layihələrinin müzakirəsi zamanı heç vaxt danışmayıb. Seçiciləri ilə necə işlədiyi haqda məlumatım yoxdur, ona görə də bu barədə fikir bildirməyə çətinlik çəkirəm. Ancaq o bir deputat kimi qanunların müzakirəsi zamanı üzərinə düşən funksiyanı yerinə yetirmir. Çünki deputatın vəzifəsi qanunvericiliyin formalaşdırılmasında iştirak etməkdir. Ola bilsin ki, səsvermə zamanı düyməni basır, amma iş bununla bitmir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan da millət vəkili X. Fətiyevi passiv deputat kimi xarakterizə edib. “Onun yalnız Gəncədə avtomobil zavodunun direktoru olduğunu bilirəm. Milli Məclisin iclaslarında nə cari məsələlər, nə də gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edir. Passiv deputatdır”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da X. Fətiyevi üç il deputat mandatı daşıdığı müddətdə onun aktiv fəaliyyətini müşahidə etməyib. “Parlamentin iclaslarında nəsə təkliflə danışdığını və ya qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini müşahidə etməmişəm. Ona görə haqqında bir söz deyə bilməyəcəm. Ola bilsin ki seçiciləri arasında fəaldır. Amma Milli Məclisdə passiv deputatdır”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı X. Fətiyevi yaxşı tanımadığı üçün onu deputat kimi xarakterizə edə bilməyəcəyini qeyd edib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, X. Fətiyevin Milli Məclisdə çıxışlarına rast gəlməsə də, bütün iclaslarda iştirak edir. “Açığı deputat kimi fəaliyyəti ilə tanış deyiləm. Ona görə hansısa fikir bildirməkdə çətinlik çəkirəm. Sadəcə bilirəm ki, Gəncə şəhərindən deputat seçilib”.

“Həftə içi” qəzetinin əməkdaşı Murad Əhməd də X. Fətiyevin rəsmi siyahıda deputat kimi adını gördüyünü vurğulayıb. “ Amma sessiyalarda hər hansı məsələ ilə bağlı çıxış etdiyini, bir problem müzakirəyə çıxardığını görməmişəm. Milli Məclisin sessiyalarından başqa tədbirlərdə də rast gəlməmişəm. Məncə bir deputat kimi ölkənin ictimai həyatında aktiv deyil”.

Publika.az saytının əməkdaşı Vasif Həsənli də hesab edir ki, X. Fətiyev passiv deputatdır. “Yaxşı olar ki, gedib futbolla məşğul olsun. Bəlkə Gəncədə futbol inkişaf edər!”

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Açığı, indiyə qədər Xanlar Fətiyevin parlamentdə heç bir çıxışına rast gəlməmişəm. Mətbuata açıq deputat deyil. Ona görə də seçicilərlə hansı formada işləməsindən də xəbərsizəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, X. Fətiyev də parlamentdə varlığı ilə yoxluğu bilinməyən deputatlardandır. “Bəlkə də savadlıdır, intellektualdır, seçiciləri üçün həqiqətən çalışan, dəridən-qabıqdan çıxandır, deyə bilmərəm, amma yeganə bildiyim və gördüyüm odur ki, parlamentdə onun heç bir fəallığı, aktivliyi hiss olunmur”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Xanlar Fətiyev adında deputatın olmasından xəbərim var. Dəqiq bilmirəm, deyəsən Gəncə şəhərindən millət vəkili seçilib. Amma fəaliyyətindən xəbərsizəm. Parlamentdə çıxış etdiyinin şahidi olmamışam. Jurnalistlərə müsahibə verdiyini də xatırlamıram. Məncə Milli Məclisin təsadüfü deputatlarındandır. Passiv millət vəkili kimi xarakterizə edirəm”.

Xanlar Fətiyevi passiv deputatlardan hesab edən “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, parlamentdə onun hər hansı çıxışına, hansısa problemlə bağlı təkliflərinə rast gəlməyib.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli isə X. Fətiyev adlı deputatın sifətini görsə belə tanımayacağını vurğulayıb. “Heç hansı dairədən seçildiyini, haranı təmsil etdiyini də bilmirəm. Onun nə komitələrin, nə də plenar iclaslarda çıxışını xatırlaya bilmirəm. Heç sari məsələlərdə də hansısa ümumu problemə münasibət bildirməsini görməmişəm. Ümumiyyətlə, Xanlar Fətiyev adlı deputatı aktiv deputat kimi qiymətləndirə bilmərəm”.

“Sia.az” saytının əməkdaşı Samirə Abdullayeva da 2 illik parlament müxbirliyi dövründə keçirilən iclaslar zamanı deputat X. Fətiyevin hər hansı bir aktivliyini görmədiyini qeyd edib.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...