Modern.az

Siyasət yazarları Müsavatın Milli Şuradan getməsini faciə hesab etmirlər

Siyasət yazarları Müsavatın Milli Şuradan getməsini faciə hesab etmirlər

Təhsil

8 Yanvar 2014, 12:56

Müsavat Partiyasının Milli Şuradan ayrılmasından sonra qurumun gələcək taleyi müzakirə mövzusuna çevrilib. AXCP və Müsavatın bir-birinə qarşı qarşılıqlı ittihamları isə səngimək bilmir. Milli Şurada nələr baş verir?  Modern.az siyasət yazarlarının proseslərlə bağlı mövqeyini öyrənib.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov hesab edir ki, Milli Şuranın fəaliyyətində  təəccüblü və faciəvi heç bir şey yoxdur. “Bizim cəmiyyətdə həmişə məsələlərə fərqli yanaşılır. Mənim mövqeyim ondan ibarətdir ki, dünyanın əksər ölkələrində iqtidar və müxalifətdə koalisiyalar olur. Onlar arasında birləşmə, ayrılma, fikir haçalanması baş verir. Onların fikirləri bir olsa idi bir partiyada birləşərdilər. Ona görə də Milli Şuranın və Müsavat Partiyasının  gələcək fəaliyyətində faciə görmürəm. Adi proseslər gedəcək. Milli Şuradan bir partiya çıxıb, amma hərə öz fəaliyyətindədir”.   

Musavat.com saytının redaktoru Xalid Kazımlı Milli Şuranın prezident seçkisi ilə əlaqədar yaradılmış blok olduğunu qeyd edib.  Onun sözlərinə görə, növbəti parlament və prezident seçkilərində Milli Şura modelində yeni qurum yaradıla bilər:  “Seçki bitdi, blok da ömrünü bitirdi. Bir də ya parlament seçkiləri ilə bağlı, ya da 2018-ci ildə keçiriləcək prezident seçkilərində bənzər qurum yaradılacaq, ya da buna ehtiyac olmayacaq. İndiyə qədər buna bənzər 7-8 birlik yaranıb, dağılıb. Ürəyə salınacaq, həyatın sonu hesab ediləcək bir şey yoxdur”.

Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu isə Milli Şuradakı qalmaqala gülüşlə cavab verib: “Deyəcəyim başqa bir şey yoxdur”.

“Media forum” saytının redaktoru Hikmət Sabiroğlu isə ümumiyyətlə məsələyə şərh vermək istəmədiyini vurğulayıb.

 

Aqşin Kərimov      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu