“Bəllidir ki, iqtidar Milli Şuranın yaranmasını istəmirdi. İqtidar Milli Şuraya qarşı addımları öz adamları vasitəsilə həyata keçirirdi, yəni İsa Qəmbər və onun dəstəsi vasitəsilə. Dediklərim Müsavat Partiyasına aid deyil. Niyə görə iqtidar zahirən radikal görünən İsa Qəmbəri idarə edə bilir. Axı idarə etmək üçün əlində tutarlı fakt olmalıdır”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuradan istefa vermiş, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. Partiya sədrinin sözlərinə görə, hakimiyyət Müsavatın Milli Şuradan ayrılması üçün İsa Qəmbərin qarşısına şərt qoyub: “2003-cü ili yadınıza salın, o zaman iqtidar prezidentliyə ciddi namizədlərdən biri olan İsa Qəmbər haqqında informasiya sızdırdı ki, o, “KQB” agentidir və ləqəbi də “Molotov”dur. Bir anlığa düşünün ki, iqtidarın əlində belə bir fakt olmasaydı, seçkinin qızğın çağında bunu İsa Qəmbərə deyə bilərdimi? Xeyr, çünki o zaman İsa Qəmbər məhkəməyə müraciət edərdi, hətta məhkəmənin verdiyi qərar yox, İ. Qəmbərin müraciəti onun qələbəsi ola bilərdi. Niyə bunu mətbuata açıqlamış şəxsi məhkəməyə vermədi? Bilirdi ki, iqtidarın əlində fakt var. İqtidardan İsa Qəmbərin qarşısına şərt qoyublar ki, Milli Şuradan getməlidir. Getməsəydi, yenidən “KQB agenti” məsələsi gündəmə gətirilə bilərdi. İsa Qəmbər Milli Şuradan getməklə iqtidarın əmrini yerinə yetirdi. İndi yenidən İsa Qəmbəri əməkdaşlığa çağırmaq özünü aldatmaqdan başqa bir şey deyil”.
Əvəz Temirxan “Yenidən Milli Şuraya dəvət alsanız, birliyə dəstək verərsinizmi” sualına belə cavab verib: “Milli Şuranın taleyi bəlli deyil necə olacaq. Eldar Namazov da dedi ki, artıq Milli Şura yoxdur. Mən Milli Şuraya qayıtmaqla bağlı nəsə demək istəmirəm. Hər halda onlara bu böhrandan çıxmaqda uğurlar diləyirəm. Qurumda təmsil olunanda deyirdik ki, Milli Şura az qala bir partiyanın, dağıdıcı qüvvənin girovuna çevrilib. Biz Müsavatı nəzərdə tuturduq. Milli Şurada İsa Qəmbərə çox güzəştə gedildi, nəticə də göz qabağındadır. Ümumiyyətlə, müxalifətin birliyi İsa Qəmbərsiz yaranmalı idi. Yazırlar ki, Müsavat iqtidara qarşı təkbaşına yürüşə başladı. İsa Qəmbər özü mətbuata deyib ki, hamımız bir yerə gəlsək belə, hakimiyyətə gəlmək mümkün deyil. Hamımız bir yerdə hakimiyyətə gələ bilmiriksə, İsa Qəmbər təkbaşına necə gələcək? Bunlar xalqı ələ salırlar? İsa Qəmbər olan yerdə birlik, qələbə, uğur olmur. Bunu birdəfəlik bilmək lazımdır. “KQB” agenti kimi tanınan adamın müxalifətin arasında nə işi var?!”.
İlkin PİRƏLİ