Görəsən bu ölkədəki Azərbaycan səfiliyi hara baxır?...
Ötən istirahət günlərində Qazaxıstanın bütün sosial şəbəkələrində Ermənistanla Qazaxıstanın birgə istehsalı olan “At gedişi” adlı film müzakirə olunub. Modern.az saytınının xəbərinə görə, filmdə beynəlxalq şahmat yarışında iştirak edən erməni şahmatçı Tiqranın təsadüfən qədim ləl-cəvahirat muzeyinə rast gəldiyi, həmin vaxt məharətli oğru Muradın isə qiymətli yaqutu oğurlamağa cəhd etdiyindən bəhs olunur. Guya, mafiyanın tapşırığı ilə Murad Tiqranın arxasınca Ermənistan gedir ki, müqəddəs əmanəti qaytarsın. Beləcə, yaqutla bağlı məzəli və tam gülməli yol əhvalatı başlayır.
İlk baxışda adi filmdir, amma filmin böyük hissəsində Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsi Ermənistan ərazisi kimi təqdim olunur. Belə çıxır ki, qazaxlar Qarabağ separatçılarının erməni ordusunun dəstəyi ilə Azərbaycan torpaqlarının işğalına haqq qazandırırlar. Filmin Qazaxıstan-Ermənistan, yaxud Ermənistan-Qazaxıstan istehsalı kimi təqdim olunmasında hiyləgərlik edilib. Ona görə ki, filmdə Qazaxıstanla bağlı heç nə yoxdur. Filmdəki süjetlərdə də görünür ki, əsas məqsəd mafioz dairələrin qiymətli daş-qaş uğrunda apardığı mübarizəni əks etdirməkdir.
Qazax jurnalist Daniyar Kassumov sosial şəbəkədə yazdığı məqaləsində bildirib ki, kino tənqidçiləri də etiraf edirlər ki, filmdə rus, erməni və Qarabağ separatçılarının izi var. Digər tərəfdən, əgər Qazaxıstan prezidenti Nursultan Nazarbayev çox açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarı kimi çıxış edirsə, bəzi yaradıcılıq təşkilatlarının nümayəndələri birbaşa bunun əksini nümayiş etdirirlər.
Maraqlıdı ki, Qazaxıstanın bütün sosial şəbəkələrində “At gedişi” adlı film müzakirə olunduğu halda, Azərbaycanın bu ölkədəki səfirliyindən səs-səmir çıxmır...
Modern.az