Modern.az

Deputatlar yaz sessiyası üçün “tədarük görürmü”? - “Qarabağ əlillərinin məsələsi var...”

Deputatlar yaz sessiyası üçün “tədarük görürmü”? - “Qarabağ əlillərinin məsələsi var...”

8 Yanvar 2014, 15:17

Milli Məclisin dekabrın 27-də keçirilən payız sessiyasının son iclasından sonra deputatlar qış tətilinə çıxdılar. Parlament komitələrinin növbəti iclası yanvarın 15-dən, yaz sessiyasının ilk iclası isə fevralın 1-dən başlayacaq. Bəs bu zaman çərçivəsində deputatlar qış tətilini harada keçirəcəklər və istirahətdən sonra onlar Milli Məclisdə hansı təkliflərlə çıxış edəcəklər?

Modern.az deputatlardan münasibət öyrənib.

İqbal Ağazadə qış tətilinə çıxmadığını və iş başında olduğunu bildirib. Milli Məclisin növbəti sessiyasında səsləndirəcəyi təkliflərə gəlincə isə o qeyd edib ki, partiyada hələlik bu məsələlərə baxılmayıb. “Ayın sonuna yaxın hansı təkliflərlə Milli Məclisdə çıxış edəcəyimizi müəyyənləşəcək. Verilən təkliflər hələlik partiyada araşdırılır”.

Musa Qasımlı hazırda Bakıda olduğunu və yazı-pozu işləri ilə məşğul olduğunu bildirib. “Yaxın günlərdə arxivdə işləmək planım var. Bunun üçün yaxın vaxtlarda Moskvaya səfərim olacaq. qış tətilindən qayıtdıqdan sonra Milli Məclisin iclaslarında həm cari məsələlər, həm vacib hesab etdiyim müəyyən problemlərlə bağlı çıxış edəcəyəm. Elm və təhsillə bağlı təkliflər bu sırada öncəlik təşkil edəcək”.

Qış tətilini doğulduğu Quba rayonunda keçirən Yevda Abramov bildirib ki tətildən qayıtdıqdan sonra 7 gün ərzində rayonda gördüyü, camaatı düşündürən problemləri parlamentin növbəti iclaslarında qaldıracaq. “Hələlik aşağılardan elə bir sifariş, xalqı düşündürən, qanunçuluqda elə bir boşluq yoxdur ki, hansısa bir təklifi verim. İşin əsnasında nəsə ortaya çıxarsa, mən və mənim həmkarlarım həmişəki kimi təklifləri verməyə hazırıq. Hələlik elə bir şey görmürəm”.

Asim Mollazadə də qış tətilini Bakıda, partiyada iş başında olaraq keçirdiyini qeyd edib. “Təkliflərə gəlincə hər zaman bir tələblə çıxış edirik ki, ali, orta, peşə təhsili, elm haqqında qanunlar müzakirəyə çıxarılsın və qəbul edilsin. Bu ölkəmiz üçün çox mühüm qanunlardır və ölkənin təhsil sisteminin inkişafına yönəlmiş qanunların hüquqi bazasının yaradılması üçün zəruri işlərdir”.

Qış tətilini rayonlarda və Bakıda keçirən Elman Məmmədov bildirib ki, yaz sessiyasında gündəliklə əlaqədar, eyni zamanda cari məsələlərin müzakirəsində müəyyən problemləri, məsələləri vaxtaşırı gündəmə gətirməyə çalışacaq. “Qarşıdan soyqırımı günü gəlir. Xocalı əlaqədar məsələlər olacaq. Qarabağ müharibəsi əlilləri, veteranlarının güzəranının yaxşılaşdırılması, onlara dövlət qayğısının gücləndirilməsi, məcburi köçkünlərlə bağlı məsələlər olacaq”.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu