Aztəminaеlı ailələrə rəqəmsal teleyayıma baxmaq üçün dekoderlərin pulsuz paylananacaq, ya yox?...
Yanvarın 1-dən ölkədə rəqəmsal yayıma keçid başa çatsa da, bu gün ölkə ərazisində eyni zamanda analoqlu yayım davam etdirilir. Bunun səbəbi isə ölkə əhalisinin əksəriyyətinin evində rəqəmsal televizorların olmamasıdır. Bunun üçün isə onlar lazımi dekoderləri almalıdır. Hələ çox öncədən Milli Televiziya və Radio Şurası tərəfindən Nazirlər Kabinetinə aztəminatlı ailələrə dekoderlərin paylanması ilə bağlı müraciət edilsə də, bu günə qədər müraciətə cavab verilməyib.
Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli Modern.az saytına açıqlamasında bu məsələ ilə bağlı hələlik yeniliyin olmadığını bildirib.
“Azətəminatlı ailələrə dekoderlərin verilməsi ilə bağlı Nazirlər Kabinetinə edilən müraciətlə bağlı hələlik heç bir şey məlum deyil. Yəqin ki, üzərində iş gedir, yaxın vaxtlarda müəyyənləşər”.
Rəqəmsal teleyayıma baxmaq üçün dekoderlərin qiyməti isə 50 manatdır.
Qeyd edək ki, ölkədə rəqəmsal teleyayıma keçidlə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanvarın 1-dən vətəndaşlara sosial və kommersiya tipli iki paket təklif edir. Sosial paketdə yerli, yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Yanvarın 1-dən vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırılıb.
İndi vətəndaşlar rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa bilərlər. Kommodul tipli həmin qurğuları əldə etmək üçün “ATV+” şirkətinin satış mərkəzinə müraciət etmək lazımdır. Analoq televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir.
Hazırda pulsuz sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.
"ATV+" paketinə isə 86 xarici kanal daxildir. Paketin aylıq abunə haqqı 9 manat dəyərindədir. Amma ona qoşulmaq üçün lazım olan avadanlığa görə də 50 manat ödəmək gərıkdir.
Aytən ƏLİYEVA