Modern.az

“Vaxtında Kürboyu Tuqay meşələrini bərpa etsəydilər, belə fəlakət olmazdı”

“Vaxtında Kürboyu Tuqay meşələrini bərpa etsəydilər, belə fəlakət olmazdı”

14 May 2010, 18:32

Kür və Araz çaylarında yaranan daşqınlar Aran rayonlarını subasmaya məruz qoyub. Mütəxəssislər Kürün daşmasını təkcə intensiv yağışlarla əlaqələndirmirlər. Deyirlər ki, çayın deltasının lillənməsi, Kürboyü meşə sahələrinin qırılması da daşqınların əmələ gəlməsində əsas amillərdir. 

“Fəlakətə səbəb meşələrin qırılmasıdır”

 

Meşəçilik üzrə mütəxəssis Allahverdi Doluxanovun fikrincə, Aran rayonlarını subasmaya məruz qalmasının əsas səbəbi Kürqırağı Tuqay meşələrinin məhvidir: “Meşələrin mikroiqlim yaratmaq üçün fərqli xüsusiyyəti ondadır ki, onun sıxlığı olmalıdır. Meşə rütubəti saxlayır, su dövriyyəsində və suyun balansının saxlanmasında başlıca rol oynayır. Həmçinin qışda yağan qarı və yağışı balans şəklində tədricən bulaq şəkilində ötürür. Başlanğıcını Ərzurum dağlarından götürən Kür ətrafında son illər meşələri qırıb məhv ediblər”. A.Doluxanovun sözlərinə görə, Tuqay meşələri torpaq qoruyucu, su saxlayıcı xarakterə malik idi. “Bizim meşələr sənaye əhəmiyyətli deyil. Yalnız  təbiəti mühafizə xarakteri daşıyır. Tuqay meşələrində vaxtilə  ağyarpaq qovağın 200-250 ilə qədər ömrü vardı. Bundan başqa uzunsaplaq palıd, tut, qaraağac, saqqızağacı kimi ağaclar Kürboyu bir sipər idi. Tuqay meşələri olsaydı, suyun ətrafa yayılmasının qarşısını ala bilərdi və bu gün Salyanda suyun ən aşağı dərinliyi 20 metrdən yuxarı qalxmazdı. Əlbəttə ki, təbii fəlakətin başlanğıcı Tuqay meşələrinin yerində olmamasıdır.

Biz bütün varımızı Tuqay meşələrinin bərpasına istiqamətləndirməliyik. Kür çayının Xəzərə tökülməsi nəyə gərəkdir?! Bu sudan ətraf mühitdə istifadə olunmalıdır. Azərbaycan Respublikası Zaqafqaziya ölkələri arasında ən az şirin suyu olan ölkədir. Ancaq ən çox şirin su itirən də bizik”.

 

“Meşələrin bərpasına xərclənən pulu israfçılıq hesab etmək düzgün deyil”

 

A.Doluxanovun fikrincə, meşələrin bərpası üçün xərclənən pulu heç də israfçılıq hesab etmək olmaq: “Meşə iqtisadiyyatda pul deməkdir. Azərbaycanın 1 milyon 148 min hektar, yəni ərazimizin 12 faizi qədər meşə sahəsi var. Bu da adambaşına meşə normasının 50% deməkdir. Deməli, bizə indiki meşələrdən də artıq meşə sahəsi lazımdır.

Gələn il sel fəlakəti bundan da pis ola bilər. Ona görə də biz 50 il bundan sonrakı fəalkətin qarşısını almaq üçün Tuqay meşələrini bərpa etməliyik. Dövlət selin qarşısını almağa xərclədiyi pulu vaxtında Tuqay meşələrinin bərpasına sərf etsəydi, belə fəlakət olmazdı. Təbiətin ekoloji tələbləri ilə barışmayan fəaliyyətlər yalnız bədbəxtlkik gətirə bilər”.

 

Alternativ yollar Mütəxəssis deyir ki, Kürün sahillərində tezliklə meşə əkininə başlanılmalı, meşələrə mal-qara buraxılmamalı, ağac qırıntıları ilə mübarizə sərtləşdirilməlidir. “Mal-qaranı meşələrdə saxlamaq olmaz. Cərimələrin məbləği artırılmalıdır. Xüsusilə də mühafizə işi yaxşı təşkil olunmalı və onların əməkhaqqı artırılmalıdır. Çünki 100 manata heç kim səhərdən axşama kimi meşədə gözətçilik etməz. Meşələr mühafizə olunmursa, nə süni, nə də təbii bərpaya ehtiyac yoxdur”. 

Nazirlik nümayəndəsi: “Səbəb meşələrin qırılması deyil”

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Məmmədhüseyn Müslümov Modern.az saytına açıqlamasında bildirib ki, Kürətrafı rayonları su basmasının əsas səbəbi yalnız meşələrin qırılması deyil: “Əvvəllər Kür çayının ətrafında Tuqay meşələri olub. Onlar əsasən Kür çayının daşması nəticəsində yaranıb. Rayonları su basmasını birbaşa Kür hövzəsinin ətrafında meşələrin qırılması ilə əlaqələndirmək olmaz.   Sözsüz ki, sel əmələ gətirən yerlər meşəlik olsa, selin qarşısını az da olsa ala bilər. Amma bu il yağıntılar çox oldu”.

M.Müslümovun sözlərinə görə, Kürün daşması çayın hövzəsində meşələrin artmasına səbəb olacaq: “Kürün daşması əhaliyə bir tərəfdən sosial-iqtisadi itkidirsə, digər tərəfdən meşələrin çoxalması üçün ən yaxşı şərait yaradacaq. Yəni yeganə üstünlük ondan ibarətdir ki, daşqınlar Kürətrafı Tuqay meşələrinin inkişaf etməsinə imkan verəcək”.  

Günay MUSAYEVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı