Modern.az

İlham Namiq Kamal, təbriklər!

İlham Namiq Kamal, təbriklər!

9 Yanvar 2014, 09:45

İlham Namiq Kamalı çoxdan tanıyıram. İlk tanışılığım İlham Əhmədov kimi olub. Onun yaradıcılığı haqqında ilk yazımı isə 60 illik yubileyi ərəfəsində yazmışdım. O gündən  5 il ötür. Yenidən ötən xatirələri varaqlamağa qərar verdim. Görəsən bu beş ildə nə dəyişib? Birincisi İlham Namiq Kamal illər boyu qazandığı şöhrətin rəsmi təsdiqini alıb. Prezident İlham Əliyevin sərəncamıyla “Şöhrət” ordeninə layiq görülüb. İkincisi... Bunu sonda deyərəm. Çünki hər sənətkara qismət olmur. Özü də bu yaşda.   Hələlik isə “Sağlıq olsun” yazımdan bəzi xatirələri bir də varaqlayaq.

İLK TANIŞLIQ

Mən onu ilk dəfə qiyabi tanımışam. 10 yaşım olardı. “Azdrama”da Anarın “Şəhərin yay günləri” tamaşası böyük anşlaqla gedirdi. Mövzunun aktuallığı cəmiyyətdə böyük marağa səbəb olmuşdu. Xüsusilə də 28 yaşlı İlhamın yaratdığı Feyruz obrazı. İlhamın İngilis dili müəllimi Feyruzun dilindən ingiliscə dediyi Hamletin monoloqu alqışlarla qarşılanırdı. Amma monoloqun arxasında varlıların əlinə baxan ali məktəb müəlliminin acı taleyi İlham Əhmədovun ifasında gözəl həllini tapmışdı. Bu, həm də 20-ci əsrin böyük novator rejissorlarından olan Tofiq Kazımovun uğurlu aktyor seçimi idi. Mən “28 yaşlı İlham ” sözünü təsadüfən qeyd etmədim. Cavan olmağına baxmayaraq, o böyük, qocaman sənətkarların da iştirak etdiyi tamaşada heç kimdən geri qalmırdı. Onlara layiq tərəf müqabili idi. Çünki İlham Namiq Kamal məktəb keçmişdi.

MƏKTƏB

İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu il yanvarın 9-da Bakı şəhərində anadan olub. Əsli Şamaxının Sarıtorpaq məhləsindəndir. Atası energetika mühəndisi, anası isə evdar qadın olub. 1970-ci ildə İncəsənət institutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Rza Təhmasib, Ədil İskəndərov kimi sənət korifeylərindən dərs alıb. Səhnədə ilk addımlarını institutun tədris teatrında atıb. Professional səhnəyə isə 1971-ci ildə Milli Dram Teatrında qədəm qoyub. Onun yaradıcılığında televiziya və kinonun rolu böyük olub. Lakin bunlarla yanaşı, bir məqamı — onun yumoristik monoloqlarını xüsusi qeyd etmək istəyirəm. Monoloq söyləyən aktyorun məsuliyyəti ikiqat olur. Çünki monoloq müəllifi olan Seyfəddin Dağlı, Salam Qədirzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu, Rəhman Əlizadənin yazdıqları satirik-yumoristik parcaların tamaşaçıya uğurla çatdırılması məhz ifaçıdan asılı idi. İkinci tərəfdən isə, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, İsmayıl Osmanlı kimi aktyorların teatr həyatında olduğu bir zamanda müəlliflərin — görkəmli yumoristlərin gənc İlhama müraciət etmələri onun boynuna böyük məsuliyyət qoyurdu və hər dəfə bu imtahandan üzüağ çıxması repertuarını daha da zənginləşdirirdi.

Sovet dövründə Dövlət Televiziyasına çıxmağın çətinliyini də nəzərə alsaq, İlham Əhmədovun artıq gənclik illərindən özünü yetkin bir sənətkar kimi təsdiq etməsini etiraf etməli olarıq.

TELETAMAŞALAR

İndi seriallar nə qədər dəbdədirsə, o vaxtın teletamaşaları da bir o qədər böyük maraqla qarşılanırdı. Aktyorların ifasında səslənən bəziatmacalar  tamaşaçıların, xüsusən gənclərin dilində zərbi-məsələ çevrilirdi: “Caniklər, ardımca”, “Pşa Pşayeviç”, “Bir prob snimat eləyim”, “Ciyərin yansın”, “Pişpişə suyu” “Alə, tubiye” və s. Mən əminəm ki, bu sözlər rejissorun diqtəsi ilə edilən əlavələr yox, məhz aktyorun yaratdığı obrazın gücünü artırmaq üçün ifaya “qatdığı duz-istiot” idi. Və bu cür əlavələr İlhamın ifasında çox gözəl alınırdı. Teletamaşalardan Anarın “Evləri köndələn yar” əsərində Paşa Paşayeviç, Altay Məmmədovun “Kişilər”ində Hüseyn Ağbacı, İslam Səfərlinin “Göz həkimi”ndə Talıbov, K.Qoldoninin “Mehmanxana sahibəsi”ndə Markiz, Qoqolun “Evlənmə”sində Podkolyosin teletamaşalarında və bu gün də “Qızıl fond”da saxlanılan monoloq və benefislərində yaratdığı rollar onu çox populyar etmişdi. Və cavan yaşlarında bu cür populyarlıq, özü də korifey sənətkarların yaşayıb-calışdığı bir mühitdə (inkar etmək olmaz ki, sənətkarlar bir-birinə qarşı çox tələbkar olurlar, illah ki, gənclərə qarşı) qazanılan populyarlıq hamıya qismət olmur. Lakin müəllimlərinə böyük hörmət, onlardan götürdüklərini sənətkarlıqla inkişaf etdirmək İlhamı həm özündən böyük aktyorların, həm də xalqın gözündə yüksəldirdi.

KİNO FƏALİYYƏTİ

İndiki zəmanədə kino deyəndə gözümüz önünə televizor gəlir. Evdə oturub istədiyimiz filmi izləyirik, ya da maqnitofonda baxırıq. Sovet dövründə isə filmlər ilk olaraq kino-teatrlarda nümayiş etdirilirdi. Növbədə dayanıb, bəzən də əldən bilet alaraq filmlərə baxa bilirdik. Kinodakı obrazlar isə bəzilərinin idealına çevrilirdi. İlham Namiq Kamal da o dövrlərdə “Bəyin oğurlanması”, “Uzun ömrün akkordları”, “Arvadım mənim, uşaqlarım mənim”, “Musiqi müəllimi”, “Qaynana”, “Qəribə adam” kimi kinofilmlərdə yaddaqalan obrazlar yaratmışdı.

Lakin mən bunlarla yanaşı İlhamın “Mozalan” satirik kino-jurnalında oynadığı 100-dən çox bənzərsiz rolu da qeyd etmək istərdim. O vaxtkı dövrün çatışmazlıqlarını tənqid etmək, cəmiyyətdə müxtəlif vəzifələr tutan insanların satirik obrazını yaratmaqla onları gülüş hədəfinə çevirmək ustalıqla yanaşı, həm də cəsarət tələb edirdi. İlhamın tənqid etdiyi tiplər isə nəinki ondan inciyir, hətta onun səsini televizordan maqnitofona yazaraq dönə-dönə qulaq asırdılar. Çünki yaratdığı obrazda İlham həyatın özünü olduğu kimi təqdim edirdi.

BÖYÜK TEATR

İlham ilk addımlarını teatrda atıb. Lakin onun haqqında, sadəcə, teatr aktyoru kimi danışmaq az olardı. Çünki o, artıq 16 ildir ki, ustad sənətkar statusu qazanıb. Hüseynağa Atakişiyevlə birlikdə “Gənclər tetrı”nın yaradılmasında iştirak etməklə. 1993-cü ildə İncəsənət İnstitutu ilə professional səhnə arasında körpü rolunu oynayan “İlham” miniatür teatrını yaratmaqla. Mədəniyyət və İncəsənət Universitetində müəllim, professor və estrada sənəti kafedrasının müdiri, Musuqili Komediya teatrının rejissoru kimi neçə-neçə gəncə sənət dərsləri, səhnəyə vəsiqə verməklə. Doğrusu, İlham Namiq Kamalın cavan qalmasının əsl səbəbi də məhz onun gənclərlə işləməsi, onlara qayğısı, həm də bir vaxtlar ona sənət dərsi vermiş müəllimlərinin yolunu layiqincə davam etdirməsidir.

İlham teatrda çox rol oynayıb. Milli Dram, Musiqili Komediya, Gənclər, “İlham” miniatür teatrlarında oynadığı tamaşaları, yaratdığı obrazları, üstəgəl rejissorluq etdiyi tamaşaları saymaqla qurtarmaz. Bir də ki, saymağa nə ehtiyac? Teatrın qapıları tamaşaçıların üzünə həmişə açıqdır: Necə deyərlər, “Get, gör” və ya “Gələrsiz, görərsiz”. Amma mən “İlham” miniatur teatrı barədə xüsusi danışmaq istərdim. Çünki burada İlham Əhmədov həm də özünü mahir təşkilatçı, inzibatçı kimi də təsdiq etdi.

Günlərin bir günü yazıçı-dramaturq Ramiz Əkbər mənə bir dəvətnamə verdi. Dedi ki, əsərim — “Qulaq” pyesim tamaşaya qoyulub. “İlham” miniatur teatrında. Düzü, çaş-baş qaldım. Bu, mənim üçün yeni bir ad idi. Premyeraya gəldim. O vaxta qədər İlhamı aktyor kimi gözəl tanımışdım. Tamaşada İlhamın özündən başqa, hamısı gənclər idi. O qədər maraqlı idi ki, tamaşanın necə başa çatdığını bilmədim. Əsərdə quruluş , aktyor oyunu, dekorasiya, musiqi vəhdət təşkil edirdi. O qədər təsirlənmişdim ki, televiziyanın “Xəbərlər” proqramına böyük bir süjet də hazırladım. Tamaşa barədə atam, şair Qabilin fikirləri də yüksək idi. Bu tamaşa həm də mənim İlham Namiq Kamalla ilk əyani tanışlığım oldu.

ASILQAN, YOXSA ŞƏXSİYYƏT

Stanislavskinin məşhur bir deyimi var: “Teatr asılqandan başlanır”. Lakin Azərbaycan teatrının bugünkü durumu məni bu kəlamı dəyişməyə sövq edir. Əvvəllər teatra gedəndə, afişalara baxanda ifaçıların adları dalbadal yazılırdı. Və biz onların titulundan, yaşından, oynadığı rolun böyük və kiçik olmasından asılı olmayaraq, hamısını tanıyırdıq. Ayırmağa bir şey yox idi. Hamısı sənətkar olmaqla yanaşı, həm də özünə görə bir şəxsiyyət idi.

İndi isə xalq artisti filankəsin iştirakı ilə filan tamaşa. Xalq artistini tanıyırsan, amma qalanlarını yada sala bilmirsən. Heyf ki, teatrımız bu gün asılqandan yox, şəxsiyyətdən başlayır. İlham Namiq Kamal kimi şəxsiyyət sənətkarlarımız isə çox deyil. Daha doğrusu İlham Namiq Kamal 65 yaşın zirvəsində SONUNCU MOGİKANLARdan biridir.

İlham müəllim, 65-i də belə haqladınız.  70, 75, 80 yaşınızın titulları,  təbrik sözləri isə  indidən hazırdır.  Necə də olsa  şair oğluyam axı.  

Hələlik isə, 65 illik yubileyiniz, “Şöhrət” ordeni və hər sənətkara qismət olmayan  SONUNCU MOGİKAN titulunuz mübarək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu