Modern.az

Yaponiya tarixində ilk və sonsuz birinci ledi... - LAYİHƏ

Yaponiya tarixində ilk və sonsuz birinci ledi... - LAYİHƏ

Reportaj

9 Yanvar 2014, 10:24

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Yaponiyanın birinci xanımından bəhs edirik.

2012-ci il dekabrın 26-da Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib. Onun namizədliyinin lehinə 480 deputatdan 328-si səs verib. Liberal-demokratlar bundan bir həftə əvvəl keçirilən seçkilərdə qalib gəlmişdilər. Sindzo Abe son altı ildə Yaponiyanın 7-cı baş naziri olub. Qeyd edək i, Sindzo Abe 2006-2007-ci illərdə də bu vəzifəni tutub. O zaman Nazirlər Kabinetindəki qalmaqala görə istefa vermişdi. Sindzo Abe nəsilliklə mühafizəkar siyasətçi olan ailənin nümayəndəsidir. Onun babası Yaponiya Liberal-Demokrat Partiyasının yaradıcılarından biridir. Nobusuke Kisi 1957-ci ildən 1960-cı ilə qədər hökumətə rəhbərlik edib. Atası Sintaro Abe 1980-cı illərdə Yaponiya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Birinci ledinin inqilab kimi qəbul olunan bəyanatı

Sindzo Abe ikinci dəfə baş nazir seçilən kimi həyat yoldaşı Akie Abe ölkə tarixində ilk birinci ledi olmaq iddiasını ortaya qoyub. Onun birinci ledi olacağı ilə bağlı bəyanatı isə Yaponiyada inqilab kimi qəbul olunub, çünki buna qədər yapon qadınları ölkənin siyasi həyatında yadda qalacaq heç bir rol oynamayıblar.

Akie əri baş nazir seçiləndən sonra televiziyadakı çıxışında bəyan edib ki, Yaponiyada qadınların dövlət idarəçiliyində böyük rol oynamaması haqda formalaşan stereotipi aradan qaldırmaq üçün mübarizə aparmaq niyyətindədir. Bu, səbəbsiz deyildi, çünki bu ölkədə birinci şəxslərin arvadları ictimaiyyət qarşısında az-az görünür və hərdən hansısa bəyanatla çıxış edirlər. Akie Abe isə deyirdi: “Mən indiki vəziyyətimə böyük məsuliyyətlə nəzər yetirirəm. Bunu həm də ona görə edirəm ki, əvvəlki baş nazirin arvadı olmayıb, mən insanlardan eşitmişəm, onlar məndən çox şey gözləyirlər.”

Həqiqətən də Yaponiyanın keçmiş baş naziri Dzyuitiro Koidzumi 1982-ci ildə arvadından boşanandan sonra bütün sammitlərdə və vacib forumlarda arvadsız iştirak edib.

Birinci ledi ərindən fərqli olaraq içir

“Mən yeni baş nazirin həyat yoldaşı kimi özümdən asılı olan hər şeyi edəcəyəm ki, yapon qadınının qüruruna xələl gəlməsin”, - Akie bəyan edib. Matsudzakidə anadan olan Akie qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətin prezidentinin qızıdır, “Morinaqa” katolik məktəbində oxuyub və bir müddət Yaponiyanın iri reklam agentliyi olan “Dentsu”da işləyib. O Abe ilə 1987-ci ildə evlənib, bundan sonra Akie şirkətdən uzaqlaşıb, amma Yamaquti prefekturasında  radio-dicey işləyib. Onların uşaqları yoxdur. Qətiyyən içki qəbul etməyən ərindən fərqli olaraq, Akie hərdənbir içməyi xoşlayır. Onun hobbilərindən biri də rəqs etməkdir, hətta kameralar qarşısında da bu məharətini dəfələrlə nümayiş etdirib.

Ledinin yubileyinə siyasətçi çağırılmayıb


Həftəlik “Aera” jurnalının yazdığına görə, birinci ledinin 50 illik yubileyi Tokiodakı restoranlardan birində qeyd edilib. Amma Akienin göstərişi ilə ərinin siyahısındakı qonaqlar arasında bir nəfər siyasətçi belə olmayıb. Akie müasir Koreya mədəniyyətinin pərəstişkarıdır. Siyasi icmalçılar belə fikirdədirlər ki, birinci ledi kimi Akie ərinə Avropa ölkələrinin, xüsusilə də Şərqi-Asiya dövlətlərinin rəhbərləri ilə siyasi əlaqələrin inkişafında ciddi köməklik edəcək.

Qədim yapon qanunlarına görə, imperator taxtına çıxmaq üçün yalnız kişilərin haqqı olub. Amma son illərdə Yaponiyanın hakim sülaləsində bir nəfər də olsun oğlan uşağı doğulmayıb, bu isə əsl faciə kimi qarşılanır. Buna görə bir müddət əvvəl hətta söhbət gedirdi ki, taxt-taca qadınlar yüksələ biləcəklər. İndi isə Yaponiyanın siyasi və ictimai həyatında fəal iştirak etmək niyyətinin baş nazirin arvadı bəyan edib. Akie Abe bütün dünyada qəbul olunan birinci ledi rolunu oynamaq istəyir. Bu, Yaponiya tarixində bir ilk olacaq. Bu vaxta qədər Yaponiyanın birinci şəxslərinin arvadları ictimaiyyət qarşısında nadir hallarda görünüblər, eyni zamanda öz ərləri olmadan və faktiki heç vaxt bəyanatla çıxış etməyiblər. Akie Abe qətiyyətlə bu ənənəni vecinə almayaraq milyonlarla tamaşaçıya söz verib: “Mənim indiki vəziyyətim üzərimə böyük məsuliyyət qoyur”.

Bununla belə, Akie konkret fəaliyyətindən, yeni peyda olan birinci ledi kimi yaxın zamanlarda konkret nə işlər görəcəyini açıqlamayıb. Amma tərcümeyi halı özü-özlüyündə göstərir ki, bu qadın həmişə qərarlılığı, cürətli davranışları, ölçülü-biçili addımları, həyata öz dünyabaxışı ilə  fərqlənib. Ekspertlərin də fikrincə, Akie Abenin birinci ledi kimi fəaliyyəti Yaponiya üçün yaxşı nümunə ola biləcək.

Baş nazir Sindzo Abenin ailəsi dünyada ən qapalı ailələrdən biridir. Dövlət başçısının şəxsi həyatı haqda heç vaxt ictimaiyyətə ətraflı məlumat verilməyib. Bununla belə, baş nazirin arvadı Akie Abe bütün dünyaya sübut etməyə çalışır ki, yaponların da birinci ledisi var. Abe bir neçə dəfə ciddi bəyanatlar verərək deyib ki, Yaponiyanın mühafizəkar obrazını darmadağın etmək istəyir və sübut edəcək ki, bu ölkənin qadınları da səs hüququna malikdirlər. Abe hətta yapon geyim stilini Avropalaşdırmaq istəyir. Akie daima müxtəlif tədbirlərdə və sammitlərdə görünür.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər