Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib.
Modern.az xəbər verir ki, onlar AZAL-ın xüsusi reysi ilə gətirilib.
***
19:21
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.
FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib..
***
16:24
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə yola salınıb.
Modern.az xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.