Ötən il paytaxtda baş verən tükürpədici hadisədən sonra “itlə dostluq elə-çomağını yerə qoyma” məsəli bir daha özünü təsdiqlədi. Belə ki, Bakıda evində saxladığı itin sahibəsini parçalaması onun ömürlük şikəst olmasına səbəb oldu. Kinoloq işləyən qızının saxladığı “pitbul” cinsindən olan itin parçaladığı 87 yaşlı Suğra Eldarovanın hər iki qolu çiyindən aşağı amputasiya oldu. İlk olmayan bu cür hallar evdə müxtəlif heyvan cinslərinin saxlamasının nə qədər təhlükəli olduğunu göstərdi.
Təkcə onu demək kifayətdir ki, ötən il ümumilikdə 13198 it dişləməsi halı baş verib. Statistikaya nəzər salmadan belə, son illər itlərin sahiblərini xəstəxanalıq etmələrinin artdığını mətbuat səhifələrini vərəqləyəndə də görmək olar. Təxminən 3 il bundan öncə Argentina yığmasının baş məşqçisi Dieqo Maradona Buenos-Ayresin xəstəxanalarından birinə yerləşdirilmişdi. Maradonanın öz itlərindən birinin dişləməsi nəticəsində məşqçi əməliyyat olunmuşdu. Evində saxladığı it tərəfindən hücuma məruz qalan məşhurlardan biri isə “Benim hala umudum var” serialının qəhrəmanı Berk Oktay olub. Belə ki, aktyorun evində saxladığı “rottveiller” cinsindən olan iti qəfildən onun üzünü dişləmişdi. Dərhal xəstəxanaya aparılan aktyorun sifətinə 35 tikiş qoyulmuşdu. Müxtəlif vaxtlarda bədbəxt hadisələrin artmasına baxmayaraq evdə heyvan saxlamaq bir dəb halını alıb. Dəfələrlə itlər tərəfindən hücuma məruz qalma halları baş versə də evlərində ən təhlükəli it cinslərini saxlayanlar da az deyil. Ekspertlər isə hesab edir ki, hər bir iti evdə saxlamaq olmaz. Bəs hansı it cinslərini evdə saxlamaq olmaz? Modern.az bu suala ekspertlərlə birgə aydınlıq gətirib. Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev deyir ki, 40 növ it cinsi var ki, onları əhliləşdirmək çətindir. Ən təhlükəli it cinsləri bütün iri şəhərlərdə, meqapolislərdə qadağan olunub. “Nazirlər Kabineti tərəfindən 2011-ci ildə müəyyən qaydalar təsdiq olunub. Yeni qaydalar əsasında evlərdə saxlanılan heyvanların sayı və onların saxlanılma qaydaları tənzimlənmişdi. Təəssüflər ki, həmin qaydalara bütün ölkələrdə müəyyən edilən siyahı əlavə olunmayıb. Məsələn, hansı cins itlər ağızlıqsız saxlamaq olmaz, hansı it cinslərini axtalanmamış satmaq olmaz? Təəssüflər ki, Azərbaycanda qaydalar qüvvəyə minəndən sonra bunu fikirləşiblər. Ona görə də bu siyahı hələ ki, tərtib olunmayıb”. Ekspert hesab edir ki, son illər paytaxtda döyüşkən it cinslərinin sayı artır. Halbuki, həmin itlər satılarkən axtalanaraq satışa çıxarılmalıdır. Döyüşkən it cinslərinin gəlir mənbəyi kimi istifadə olunması onların sayının artmasına səbəb olub. Azər Qarayev hesab edir ki, “brazilyero” ən təhlükəli it cinsi hesab olunur. “Mastiff”, “blədhaund” və “ingilis mastifi” cinslərinin çarpazlaşdırılması nəticəsində alınmış bu cins sahibindən başqa hər kəsi potensial düşmən sayır və aqressiv olur. Onun sözlərinə görə, hətta aqressiv olanda sahibinə də xətər yetirə bilir. Vaxtilə buldoq iri vəhşi heyvana ov zamanı istifadə olunurdusa da, indi mühafizə və silahlı şəxslə mübarizə üçün yararlı sayılır. Odur ki, bu cinsin də evdə saxlanılması həyat üçün təhlükəlidir. Mütəxəssisin sözlərinə görə, “japanese tosa”, “doq”, “staffordşir teryeri”, “bulteryer”, “tosa-inu”, “kanne korso”, “ka-de-bo” və “pitbulteryer” cinslərini də ev heyvanı kimi əhliləşdirmək çətindir. Bu it cinsləri də istənilən an sahibinin sağlamlığına zərər vura bilər.Azər Qarayev həmin cinslərin Qərb ölkələrində soyuq silah sayıldığını deyir. Odur ki, evdə heyvan saxlayanlar elə edin ki, son da nə it getsin, nə də ip.
Gültəkin ƏLƏSGƏR