Ölkəmizdə idmanın təbliği və inkişafı, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. İdmanın olimpiya və digər növlərinin inkişafı istiqamətində cənab İlham Əliyevin hələ Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi ilk günlərdən həyata keçirilən tədbirlər, artıq uzun illərdir ki, öz bəhrəsini verməkdədir.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Azər Kərimli bildirib ki, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, Vətəninə, xalqına layiqli övlad kimi yetişməsi üçün müəyyənləşdirdiyi strategiya, onun liderliyi ilə bu istiqamətdə gerçəkləşdirilən proqramlar ali niyyətə, məqsədə xidmət edib:
“Azərbaycan idmançılarının ali məqsədi qələbə qazanmaq və ölkəmizin üçrəngli müqəddəs bayrağının himnimizin sədaları altında yüksəldilməsi olub. Bu hədəf, gənclərimizin qəlbində, düşüncəsində torpaqlarımızın işğaldan azad edilməsi üçün vacib element olan qələbə əzmini gücləndirib, bayrağımızın ən uca zirvələrdə dalğalandırılmasını ali hədəfə çevrilib. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları, eləcə də Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər idman inkişafı istiqamətində həyata keçirilən proqramların mahiyyətini anlamaq üçün yetərlidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, “fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci”.
2024-cü ilin Azərbaycan idmançıları üçün uğurlu olduğunu, idmançılarımızın 1 il ərzində 1700-ə yaxın medal qazandıqlarını vurğulayan millət vəkili qeyd edib ki, bütün bunlar idmanımızın inkişaf etdiyini göstərir:
“Cənab Prezidentin ifadə etdiyi kimi, artıq ölkəmizdə yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İdmançılarımızın 2024-cü ildə, Paris Olimpiyadasında əldə etdikləri nəticələr, Azərbaycan idmanının ən böyük uğuru hesab oluna bilər. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırıb”.