Modern.az

Azərbaycan Suriyada səfirlik AÇIR

Azərbaycan Suriyada səfirlik AÇIR

Ölkə

29 Dekabr 2024, 21:51

Dəməşqdə qısa zamanda Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlaması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib.

 

Görüşdə tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər.

 

Xatırladaq ki, bu ayın əvvəlində Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hakimiyyət devrilib. Noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Ölkədə yeni hakimiyyət qurulub.

 

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

 

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur.

 

Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi