Modern.az

“Jurnalistliyi buraxıb bu işin arxasına düşdüm, cibimdən xərclədim, tənələrlə üzləşdim...” - MÜSAHİBƏ

“Jurnalistliyi buraxıb bu işin arxasına düşdüm, cibimdən xərclədim, tənələrlə üzləşdim...” - MÜSAHİBƏ

Qarabağ

13 Yanvar 2014, 10:26

BMT tribunalarında görünməyim Azərbaycanın görünməsi deməkdi”

Modern.az saytının “Pəncərə” layihəsinin qonağı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğludur.

– Beynəlxalq Avrasiya mərkəzinin konkret hədəfləri nədir?

– Təşkilatın təbliğ olunmasını hədəf seçməmişik. Konkret hədəfimiz iş görmək, təşkilatın məqsədlərinin həyata keçirilməsi olub. 1992-ci ildə bizim təşkilat yaranıb. Bu işdə mənə dəstək verənlər olub. Demək olar ki, ortalıqda konkret bir iş olub.

– 1992-ci ildə təşkilat yaratmaq ideyası necə formalaşdı?

– Moskvada Ədəbiyyat İnstitutunu bitirib gəldikdən sonra Qarabağ konflikti ilə bağlı mənə postsovet məkanından, Avropadan, Baltikyanı respublikalardan çoxlu zənglər oldu. Həmişə onları regiona dəvət edirdim ki, özləri nə baş verdiyini öz gözləri ilə görsünlər. Onların səfərlərini təşkil edirdik. 1992-ci ildə qərar verdik ki, bu işi həyata keçirən bir struktur olsun və münaqişə bölgələrinə gedən jurnalistlərin səfərlərini, görüşlərini təşkil edən, məlumatlandıran, zəruri informasiyalara dəstək verən bir qurum formalaşsın. Təkcə Qarabağ hədəf deyildi. Postsovet məkanında, Orta Asiyada konfliktlər mövcud idi. Təəssüf ki, onların bir çoxu indi də davam edir. O zaman informasiyanın boşluğundan, beynəlxalq ictimaiyyətin az məlumatlandırılmasından o super güclərin marağı çərçivəsində problemlər böyüdüldü və bu vəziyyətə gəlib çatdırıldı.

– Münaqişə ocaqlarına azərbaycanlı jurnalistlərin göndərilməsini təşkil edirdinizmi?

– Təkcə jurnalistləri deyil, ziyalıların da həmin bölgələrə göndərilməsi təşkil olunurdu. Azərbaycandan iki adamın adını çəkə bilərəm. Biri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,  digəri isə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov olub. Biz o dövr üçün təkcə xarici ölkələrdən gələn 100-dən çox jurnalistin Qarabağa səfərini təşkil etdik. Qarabağlı olduğum üçün mənə görə əsas prioritet istiqamət və konfliktlərin ən şiddətlisi Qarabağ konflikti idi. Bu məsələyə bəzən bizim opponentlərimiz diqqətlə yanaşmırlar. Qarabağ konflikti “Üçüncü dünya müharibəsi”nin başlanmasına səbəb ola biləcək bir konflikt idi. Bu konflikt bu gün də soyumayıb.

– Konfliktlərin gərgin dönəmlərində yaratdığınız təşkilat hansı mərhələlərdən keçdi? Planlarınız zamanın tələbinə necə cavab verdi?

– Təbii ki hər dövrün öz planları, məqsədləri var. Əslinə qalanda o dövrdə də ardıcıl işlər görürdük. Əsas işimiz media mənsublarının, ziyalıların səfərlərini təşkili idi. Biz bununla bağlı Şimalı Qafqaza, Gürcüstana səfərlər təşkil etmişik. Təşkilatımızın o zaman bir hədəfi var idi. Bu gün isə təşkilatımız 4 istiqamətdə fəaliyyət göstərir. “Media vətəndaş cəmiyyəti”, “Sülhməramlı aksiyalar, konfliktlərin proqnozlaşdırırlmasını aradan qaldırmaq”, “Qaçqınlar-məcburi köçkünlər” və “İcma əsaslı layihələr”.
Yəni həyata keçirdiyimiz bütün layihələr müharibədən doğan problemlərin aradan qaldırılmasına yönəlik layihələrdir. Bu gün bizim təşkilatımız nəinki Azərbaycanda, postsovet məkanında belə kifayət qədər özünə yer tutmuş, imicini formalaşdırmış bir təşkilatdır. O təşkilat demək olar ki əksər beynəlxalq təşkilatlarda çıxış edib. Əsas ana donorlarımız ABŞ Dövlət Departamenti, BMT-nin agentlikləri, müxtəlif qurumlar, Dünya Bankıdır. 10 ilə yaxındır ki, BMT-nin tribunasından fikirlərimizi səsləndirə bilirik.

– BMT-nin tribunasından səsləndirdiyiniz bəyanatlar necə qarşılanır? Reaksiya necə olur?

– Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu, ideya müəllifi mənəm. Amma bütün addımlarımda bir şeyi yaddan çıxartmıram ki, mən azərbaycanlıyam. Bizim təşkilat bütün hallarda Azərbaycan adına çıxış edən qurumdur. Beynəlxalq qurumun baş qərargahı Azərbaycandırsa, hər halda bu Azərbaycan adına olan bir qurumdur. Mənim BMT-nin tribunalarında görünməyim həm də Azərbaycanın görünməsi deməkdi. Təbii ki bəyanatlarımızda da hədəf Azərbaycanın ana problemləridir.

– 1992-ci ildə ölkənin siyasi vəziyyəti ağır idi. Rəhbərliyiniz altında formalaşan təşkilatı həmin dönəmlərdə idarə etmək yüksək maliyyə vəsaiti tələb edirdi. Təşkilat necə maliyyələşirdi?

– Beynəlxalq Avrasiya Mətbuat Fondu özü bir QHT-dir, ictimai qurumdur. Təbii ki, hər bir təşkilatın vacib olan tərəflərindən biri onun maliyyə məsələsinin tənzimlənməsidir. Maliyyədən də daha çox ictimai fəaliyyət və vətəndaş cəmiyyəti sahəsində çalışmaq hər kişidən ürək istəyir. Sağlamlığından keçmək qüdrətinə malik olmalısan, zamanını xərcləməyə hazır olmalısan. Bu hazırlıq olmayanda vətəndaş. cəmiyyəti sektorunda fəaliyyət göstərmək çətin olur. Təəssüf ki son dövrlər bir tendensiya yaranıb: “Mən də bir QHT yaradım, qrant alım”. Bu, pis psixologiyadır. İllərlə gecə-gündüz vaxtilə bu təşkilatı yaratmağa qərar verəndə “Ədəbiyyat və incəsənət” adlı qəzetdə elm və publisistika şöbəsinin müdiri idim. O işi buraxıb bu işin arxasınca düşdüm. Həm öz büdcəmdən maliyyə xərclədim, həm sağlamlığımdan, zamanımdan keçdim, həm də tənələrlə üz-üzə qaldım. Bəzən adamı doğmaları belə, başa düşmür. Görəsən, bu nə ilə məşğuldur ki, bütün zamanını bu işə yönəldir?! Amma illər keçdikcə bunun bəhrəsi görüldü. Doğurdan da doğru yoldaymışam. Bizim təşkilatda bu gün 150-yə yaxın işçi çalışır. Bu da 300-400 nəfərin dolanmağı deməkdi. Nə hökuməti ittiham etdik, nə kimlərdənsə kömək istədik, nə də yerli-yersiz bəyanatlar verdik. Biz başımızı aşağı salıb, sadəcə işimizi gördük.


– Təşkilat olaraq əcnəbi jurnalistlərin Azərbaycana edilən səfərlərini təşkil edirdiniz. Maraqlıdır, onların yerləşdirilməsi necə tənzimlənirdi?

– Mütəxəssis hər şeyi həll edir. Bu gün maddi-texniki bazamız, insanı resurslarımız var, əmin şəraitimiz var. Təhsilini bitirmiş gəncləri çalışırıq ki, işə cəlb edək. Təmiz beyinləri sadəcə doğru yola yönəltmək lazımdır. 1992-ci ildə Xocalı faciəsini yaşadıq, Şuşanı, Laçını itirdik. Getdikcə itkilərimiz çoxalırdı. Azərbaycanda xoşagəlməz proseslər gedirdi. O dövrdə ilk gündən başa düşdüm ki, təşkilatın maddi-texniki bazası olmalıdır. O dövrdə biz bu ofisi təsadüfən seçmədik. Çünki Şəhidlər xiyabanı şəhidlərimizin məzarına çevrilmişdi. Xaricdən gələn qonaqlarımız ilk olaraq xiyabana yollanır və faciə qurbanlarını öz gözləri ilə görürlər və vəziyyəti dəyərləndirirlər. O vaxtlar ölkəmizə gələn jurnalistləri evimə aparırdım. Bir otaqda bəzən 8 adam yatırdıq. Azərbaycanın tanınmış şairi Eldar Baxış var idi. Bir zamanlar radioda işləyirdi. Biz onunla həm də qonşu idik. Bilirdi ki, bizə çoxlu qonaqlar gəlib gedir. Həmin jurnalistlərin hamısını hava limanında özüm qarşılayırdım. Öz maşınımla səngərlərə qədər aparırdım, çörəyimizi yarı bölüb yeyirdik. Yoldaşım həmin qonaqların köynəklərini də yuyurdu. Həmin vaxt evimizə gələn qonaqlardan biri ustad Şəhriyarın oğlu Hadi Behçət idi. Bir dəfə evdə oturmuşduq. Eldar Baxış Behçətdən müsahibə alırdı. Mikrofonu kiçik qızıma uzadıb dedi: “Evinizə bu qədər qonaq gəlir. Bunlara nə verirsiniz yeməyə?”.
Qızım da dedi ki, “şor-çörək”. Doğurdan da şor-çörəkli günlərimiz olub.

– Əcnəbi jurnalistlərin səfərlərini tez-tez təşkil etdiyiniz üçün ailənin düzəninə, rahatlığına necə təsir edirdi?

– Əlbəttə, ailədə gərginlik var idi. Amma insanların üzünə etiraz şəklində vurulmurdu. Təbii ki ailə, qohumlar dostlar arasında bizim yaşadığımız situasiyanı başa düşməyənlər də vardı. Eyni zamanda, ailədə mənə qarşı həmişə güvən olub. Ailədə bilirdilər ki, nə edirəmsə, düz edirəm. Bu gün cəmiyyətdə formalaşan müəyyən fikirlərim var ki, ailədə formalaşıb. O vaxtlar həyat yoldaşım ciddi şəkildə etiraz etmirdi. Arada, təşkilatdan söhbət düşəndə deyir ki, “bəs mənim əziyyətim..”.
Sizə bir əhvalat danışım. 2012-ci il dekabrın 4-də bizim təşkilatın 20 illik yubileyini keçirdik. Yubileyə BMT-nin nümayəndəsi, Milli Məclisin vitse-spikeri Bahar Muradova, digər millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən əksər beynəlxalq təşkilatlardan nümayəndələr dəvət olunmuşdu. O zaman həyat yoldaşım mənə irad tutdu ki, “bəs mən niyə yox idim təşkilatın 20 illik yubileyində?”. Doğrusu, həyat yoldaşımın bir kəlmə sözü mənə pis təsir etmişdi.

– Maraqlıdır, təşkilatın işində əziyyəti olan bir insan yubiley mərasimində niyə yox idi?

– Ümumiyyətlə, o cəhətdən kaprizim yoxdur. Nədənsə belə alındı.

– Necə övladınız var?

– 3 övladım var. 2 qız, 1 oğlan. Qızım Aytən ailəlidir. Əkiz övladı var. O biri qızım Aysəba Londonda beynəlxalq hüquq üzrə magistr təhsilini başa vurub. Oğlum Oğuz isə Amerikada sonuncu kursda təhsil alır. Amma oğlum Bakıda işləmək  fikrindədir.

– Nəvələrinizlə asudə vaxtlarınızı necə keçirirsiniz?

– Nəvələrimə demək olar ki vaxt ayırmıram. Bəzən qohum-qardaş evə zəng edib məni soruşanda evdən deyirlər ki, “görsəniz deyin bizi tərəflərə də gəlsin”. Təbii ki bu zarafatdır. Evə gec gedirəm, evdən tez çıxıram. Çox vaxt yollarda oluram. Ayda iki dəfə səfərlərim olur. Bir çox tədbirləri yavaş-yavaş təxirə salmalı oluram. Amma səfərlər çox olur. Geriyə baxanda görürəm ki, bu iş üçün çox şeyləri qurban vermişəm. Belə demək mümkündürsə, yaradıcılığımı da unutmuşam.

– “Ədəbiyyat və incəsənət” qəzetində ilk iş fəaliyyətinizi necə xatırlayırsınız?

– Qəzetdə məktub qeydiyyatçısı, müxbir, şöbə müdiri işlədim. Məni həmin qəzetə görkəmli şairimiz Nəriman Həsənzadə gətirib. Onun sayəsində bir az da böyüdük. Nəriman müəllimlə tez-tez olmasa da, görüşürük. Moskvada təhsil alıb Bakıya döndüm. Tale elə gətirdi ki, həmin qəzetdən jurnalistlik fəaliyyətimə başladım.


– Həmin dönəmlərdə dünyanın qaynaq nöqtələrində müharibə gedirdi. Heç içinizdən keçdimi həmin bölgələrə jurnalist kimi yollanmaq?

– Sırf hansısa qəzetə, jurnala, efirə informasiya vermək üçün həmin müharibə ocaqlarına getməmişəm. Həmin konflikti necə müzakirə etmək, onu necə yatırmaq, aradan qaldırmaq olar? Bu kimi məsələləri müzakirə etmək üçün getmişik. Mahaçqalada bu cür görüşlərimiz olub. Qroznıya getmişəm, yəni Çeçenistanda olmuşam

– Bu gün Azərbaycan jurnalistikası beynəlxalq səviyyədə tədris olunmur. Dünyanın qaynar müharibə ocaqlarında azərbaycanlı jurnalistlərin olmamasını necə aydınlaşdıra bilərsiniz?

– Namidə xanım, bilirsiniz burda problem nədir? Münaqişə ocaqlarına jurnalistlərin göndərilməsi böyük risk tələb edir. Burda həm könüllülük olmalıdır, həm də həmin bölgəyə gedən jurnalisti təşkilat sığortalamalıdır. Çünki hər şey ola bilər. Sığorta deyəndə ucuz sığorta olmamalıdır. Jurnalist müxtəlif situasiyalarla üz-üzə qala bilər. Bunlar əvvəlcədən düşünülməlidir. Bizim təşkilat bu missiya ilə yarandı. Təbii ki o dövr üçün maliyyənin və sığortanın olmaması bizim bu sahədə ləngiməyimizə səbəb oldu. Biz bu problemi yaşadıq. Bir çox sığorta təşkilatları ilə hətta Azərbaycandaxili və Azərbaycandan kənar qurumlarla sövdələşməyə çalışdıq ki, bunu birgə həyata keçirək. Çox təəssüf ki, bizim cəhdlərimiz alınmadı. Mənə elə gəlir ki bu məsələ həllini tapa biləcək məsələdir. Beynəlxalq Sülh Bürosunun baş katibi ilə danışmışam. Biz çox ciddi bir layihə üzərində düşünürük. Qlobal konfliktli bölgələrlə bağlı Azərbaycanda bir informasiya portalı yaradaq. Beynəlxalq Sülh Bürosunun Qərbi Asiya üzrə nümayəndəsiyəm. Qərbi Asiya ölkələrindən olan jurnalistlərin yaxın gələcəkdə təlimlərinin təşkilini düşünürük. Ondan sonra planımızda var ki, bu jurnalistlərlə bağlı saytı formalaşdıraq və öz ölkələri ilə bağlı alternativ informasiyaları versinlər. Bildiyiniz kimi, bütün konflikt bölgələrdə super güclərin maraqları var. Ümumiyyətlə, reallığı əks etdirən informasiya formalaşdırmaq istəyirik. Ola bilsin ki, gələcəkdə sığortalanma məsələsini də həll edək.




























Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu