VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki, yeni deputatlar neçə dil bilirlər?
Modern.az bununla əlaqədar deputatlar arasında sorğu keçirib.
Elçin Mirzəbəyli rus dilini səlis bildiyini deyib: "Azərbaycan türkcəsini - ana dilimi bilmək, bütövlükdə isə Altay dil ailəsinin Türk dilləri qrupuna aid olan dilləri ən azı başa düşmək boynumun borcudur. Bununla yanaşı, təhsilimin bir hissəsi rus dilində olduğu üçün bu dildə də özümü sərbəst şəkildə ifadə edirəm".
Deputat ingilis dilini isə təkmilləşdirməyə çalışdığını deyib: "İngilis dili bilgim mətnlərlə işləməyim üçün çətinlik yaratmır, amma zəifdir. Təkmilləşdirməyə çalışıram".
Nigar Məmmədova 3 xarici dil bildiyini deyib: "Rus, ingilis və fransız dillərini səlis bilirəm".
Fariz İsmayılzadə sualımıza belə cavab verib: "Mən rus sektorunda oxumuşam. Ona görə də bu dili səlis bilirəm. Eləcə də ABŞ-da təhsil aldığımdan ingilis dili biliyim də mükəmməldir. İspan və türk dillərini isə aşağı səviyyədə bilirəm".
Günay Ağamalı rus, türk və ingilis dillərini bilir.
Azər Allahverənov rus, türk və ingilis dillərini bilir.
Mehriban Vəliyeva rus və türk dillərini bilir.
Azər Əmiraslanov da ingilis, rus və türk dillərini bilir.
Arzuxan Əlizadə da rus dilini yaxşı bilir: "İngilis dilini isə başa düşürəm, vaxtım olsa, danışıq üçün əlavə hazırlaşmağı düşünürəm”.
Elşad Musayev: “Rus və türk dillərini bilirəm. İngilis dilini isə zəif bilirəm”.
Rizvan Nəbiyev alman dilini və ingilis dilini yaxşı bilir. O, saytımıza açıqlamasında bildirib ki, bir müddət Prezident İlham Əliyevin alman dili üzrə tərcüməçisi olduğunu bildirib. Deputat başlanğıc səviyyədə erməni və fars dillərini də bildiyini qeyd edib.
Samir Vəliyev rus və ingilis dillərində sərbəst danışır.