Fransada vəfat etmiş Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun mirasının bölünməsi məsələsi hələ də gündəmdədir. Dünya şöhrətli rəssamın vəfatından sonra onun mirası üstündə başlanan məhkəmə çəkişməsi davam edir. Məşhur rəssamın ilk evlilikdən olan qızı Əsmər Nərimanbəyova və onun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova arasında başlanan məhkəmə yekun qərar verməyib. Odur ki, bu günə qədər də Toğrul Nərimanbəyovun mirası bölünməmiş qalır.
Xatırladaq ki, Toğrul Nərimanbəyovun ikinci həyat yoldaşı Sevil Nərimanbəyovadan Fransua adlı bir oğlu da var.
Modern.az saytı yenidən məsələyə qayıdaraq rəssamın qızı Əsmər Nərimanbəyovadan eksklüziv müsahibə alıb.
– Əsmər xanım, atanızın mirasının bölünməsi ilə bağlı məhkəmə hansı qərarı verdi?
– Hələ ki, məhkəmə heç bir qərar çıxarmayıb. Qərarın nə zaman veriləcəyi də məlum deyil. Hələ ki, Fransadayam. Burada yaşayıram və işləyirəm.
– Atanızın Bakıda emalatxanası var idi. Bəs onunla bağlı məsələ nə yerdədir?
– Bakıdakı iş də ortalıqda qalıb. Məhkəmədə söhbət gedir. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyevə də müraciət etmişəm. Mən orada atamın fondunu yaratmaq istəyirdim. Amma hələ ki, mənim müraciətimə cavab verilməyib.
– Siz ötən müsahibələrinizdə də Toğrul Nərimanbəyovun rəsm əsərlərinin bəzilərinin onun ikinci həyat yoldaşı tərəfindən satıldığını deyirdiniz. Atanızın nə qədər əsəri satılıb?
– Burada onun çox işləri var idi. Saymaq mümkün deyil. Məhkəmə və polis onun Fransadakı evinə baxış keçirdilər. Demək olar ki, heç nə tapmadılar. Sevil xanım onun həyat yoldaşı sayılır. Amma əlimdə sənədlər var, onların rəsmi nikahı yoxdur. Atamın yeganə rəsmi xanımı mənim anam olub.
– Atanızın Fransadakı mirasından çox, Bakıdakı emalatxanasını istəyirdiniz. Daha çox həmin emalatxananın iddiasında idiniz.
– Çünki həmin emalatxananın atamın fondu, muzeyi kimi olmasını istəyirdim. Heyf ki, orada heç atamın işləri də yoxdur. Gedəndə gördük ki, orada heç bir şey qalmayıb. Bircə mebel var idi, özü də çox pis vəziyyətdə. Onun əsas tablolarını tapa bilmədik. Həmin əsərlərin itib-itmədiyini də bilmirəm. Bilmirəm bəlkə də, Sevil xanımın qohumları aparıblar. Həmin qadın atamın ölüm xəbərini də bir həftəyə yaxın gizlətdi. Təkcə mən yox, çoxları fikirləşir ki, o bunu atamın işlərini aparmaqdan ötrü edib. Çünki indi atamın hər bir işinin qiyməti çox yüksəkdir. Toğrul Nərimanbəyovun Fransadakı əsərlərini tapmaq mümkün deyil. Məhkəmə və polis də evdə heç nə tapa bilməyib. Atamın yalnız 5-6 tamamlanmamış işini tapıblar. Görünür Sevil xanım atamın əl işlərinin çoxunu haradasa saxlayır. Hazırda İnterpol Bakıda və Fransada Toğrul Nərimanbəyovun əsərlərini axtarır. Emalatxanada təbii ki, heç nə yoxdur. Yaxın vaxtlarda Moskvada da axtarışlar gedəcək.
Hərdən eşidirəm ki, kimsə atamın əsərini satışa çıxarıb. Bakıda da onun əsərlərinin satılmasını eşidirəm. Bir də görürsünüz Facebook səhifəmə tanımadığım insanlar bu barədə yazır. Şəkilləri mənə göndərirlər ki, baxın görün onun işidir, ya yox. Görürəm ki, doğurdan da atamın işidir, özü də tanınmamış rəsmləridir. Düşünürəm ki, onun Sevil xanım çox işləri özü Bakıya satışa göndərib. Mən bilirdim ki, Sevil xanım vaxtında atamı çox işlədirdi...
Gültəkin ƏLƏSGƏR