Modern.az

Oskanyan Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını TƏNQİD ETDİ

Oskanyan Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını TƏNQİD ETDİ

Analitika

16 Yanvar 2025, 11:39

Ermənistan Respublikası ilə ABŞ arasında yanvarın 14-də imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müxtəlif aspektlərdən şərh olunmaqdadır. Siyasi ekspertlər preambula və beş bölmədən ibarət olan sənədin strateji müttəfiqlik yox, strateji tərəfdaşlıq haqqında olduğunu önə çəkərək, onun şişirdilməsinin əleyhinə olduğunu vurğulayırlar.

Qeyd edilir ki, ABŞ heç bir dövlətə bir gündə belə strateji tərəfdaş statusu vermir. Başqa sözlə, strateji müttəfiq strateji tərəfdaş anlayışları qarışdırılmamalıdır.

Modern.az-ın məlumatına görə, Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına erməni siyasi şərhçilər və ekspertlər də birmənalı münasibət bildirməyiblər.

Məsələn, beynəlxalq şərhçi Suren Sarkisyan deyib ki, Ermənistan və ABŞ strateji müttəfiq olmaqdan hələ uzaqdır:

"Aydındır ki, ABŞ bu sənədlə Ermənistanı təhlükəsizlik zəmanəti, silah, sursat və amerikan əsgərləri ilə təmin etmək niyyətində deyil. Sərhədə mütəxəssislər gəlməyəcək,  yalnız sərhədlərin daha etibarlı hala gətirilməsi mövzusunda məsləhətlər veriləcəkÜ.


Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da sözügedən sənədi şərh edərək deyib ki, Xartiyanın imzalanması ilk baxışdan mühüm mərhələ kimi görünə bilər. Lakin bu sənəd ikitərəfli irəliləyişin nəticəsi deyil, Paşinyan hökumətinin çatışmazlıqlarının əksidir.

“Birincisi, sənədin imzalanması anı şübhələr yaradır. Onun Bayden administrasiyasının son günlərində imzalanması tələsik və əsasən simvolik görünür, Xartiyanın Ermənistanın problemlərini həll etmək üçün heç bir real öhdəliyi yoxdur.

Xartiya gələcək əməkdaşlıq üçün aydın “yol xəritəsi” təqdim etməkdənsə, daha çox Ermənistanın təhlükəsizlik və suverenlik problemlərinin sönük qiymətləndirilməsi, demokratiya və idarəetmə problemlərinin lal təsviridir”.

Vardan Oskanyan bildirib ki, sənəd ABŞ-ın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini tanımaqla yanaşı, Ermənistan Respublikasının təhlükəsizliyini gücləndirmək üçün yeni öhdəliklər və ya təminatlar müəyyən etmir.

“Davam edən sərhəd gərginliyi, dəhliz təhdidləri və 2023-cü ildə ermənilərin Dağlıq Qarabağdan kütləvi surətdə köçürülməsini nəzərə alsaq, bu çatışmazlıq göz qabağındadır. Azərbaycanın hərəkətlərinə qarşı konkret tədbirlərin görülməməsi sual doğurur: ABŞ həqiqətən mənalı dəstək verir, yoxsa boş vədlər verir?”, - Vardanyan deyib.

Onun sözlərinə görə, digər problemli element ABŞ-ın regionda nəqliyyat əlaqələrinin blokdan açılmasına və qonşularla münasibətlərin normallaşdırılmasına çağırışıdır.

“Bu arzular yeni deyil. Onların buraya daxil edilməsi innovativ həlləri olmayan köhnə söhbətlərin təkrarı kimi görünür. Narahatedici sual yaranır: ABŞ Ermənistanın geosiyasi vəziyyətinin mürəkkəbliyini həqiqətən dərk edir, yoxsa sadəcə sözlərlə kifayətlənir?”.

V.Oskanyan deyib ki, Xartiyada məhkəmə hakimiyyətinin müstəqilliyi, mətbuat azadlığı və vətəndaş cəmiyyətinin inkişafı kimi əsas istiqamətlərə xüsusi diqqət yetirilir. Bunlar isə Paşinyanın idarəçiliyindəki xroniki çatışmazlıqlardır

“Sənədin Ermənistanın regional müttəfiqlərinin narahatlığına səbəb olacağı ehtimal edilir. ABŞ ilə tərəfdaşlığa vurğu Avro-Atlantik strukturlara inteqrasiya eyhamları ilə birlikdə Rusiya kimi əsas müttəfiqlərlə münasibətləri risk altında qoyur. Belə bir dil ənənəvi tərəfdaşlıqdan uzaqlaşma və onsuz da qeyri-sabit olan geosiyasi vəziyyətdə gərginliyin daha da artması kimi şərh edilə bilər”, - Oskanyan əlavə edib.

Eks-xarici işlər nazirinin sözlərinə görə, ən mübahisəli tərəf Xartiyanın icrası məsələsidir.

“Sənəd hesabatlılıq və ya dəstək üçün konkret mexanizmlər təklif etməyən bir sıra xoş niyyətlərdir. Birləşmiş Ştatlar uzun müddətdir ki, Ermənistanla sazişlərə oxşar dili daxil edir, lakin hələ də nəzərəçarpacaq irəliləyiş əldə edə bilməyib. Ardıcıllığı təmin etmək üçün qəti tədbirlər görülməsə, bu Xartiya yerinə yetirilməmiş vədlərin növbəti simvoluna çevrilə bilər.

Strateji Tərəfdaşlıq Xartiyası Paşinyan hökumətinin danışdığı diplomatik qələbədən çox uzaqdır. Bu, sadəcə olaraq Ermənistanın zəifliklərinin, idarəçilikdəki çatışmazlıqların və regional çağırışların ayıq qiymətləndirilməsidir”, - Vardan Oskanyanın şərhində vurğulanıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?