Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun 18 saylı tam orta məktəbində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il keçir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza qarşı törədilmiş bu faciəsi Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən birini təşkil edir.20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı törədilən bir cinayət olmaqla yanaşı Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Məktəbin direktoru Arzuman Qarayev çıxış edərək bildirdi ki, 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Məktəbin müəllimi Xalid Kazımov bildirdi ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 35 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecəni daim xatırlayır. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla anır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Sonda şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirdilər, səhnəciklər təqdim ediblər.