Dövlət maraqlarının təmin olunmasında xüsusi xidmət orqanları böyük rola malikdir. Müxtəlif üsul və vasitələrlə siyasi, iqtisadi və digər məqsədlərə çatmaq yolunda xüsusi xidmət orqanları fərqli metodlardan istifadə edir. Xüsusilə, İkinci Dünya Müharibəsindən sonra dünya ölkələri arasında yaranan siyasi qütbləşmədən irəli gələn ambisiyalar güc mərkəzlərini aktiv fəaliyyətə sövq etdi. Təsadüfi deyil ki, ABŞ xüsusi xidməti - Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 1947-ci ildə yaradılıb. ABŞ-ın keçmiş prezidenti Harri Trumenin imzası ilə yaradılan MKİ təbii ki, birinci növbədə SSRİ-nin siyasi gücünü sarsıtmaq hədəflərini qarşıya qoymuşdu.
1949-cu ildə bünövrəsi qoyulmuş İsrailin xüsusi xidmət orqanı MOSSAD da bu gün də dünya miqyasında ən aparıcı kəşfiyyat idarələrindən biri hesab olunur. Dünya kəşfiyyat mərkəzləri ölkələrdə nüfuz dairəsini genişləndirmək üçün bir sıra variantdan istifadə ediblər. Bu tendensiya indi də müşahidə olunur. Məxfi informasiyaların əldə olunması üçün xüsusi xidmət orqanları agentlərini dövriyyəyə buraxır ki, onlar da hədəflərə çatmaq baxımından ağlagəlməz metodlardan yararlanırlar. Gündəlik həyatımızda istifadə etdiyimiz ərzaq, qida məhsullarının, məişət əşyalarının kəşfiyyat məlumatları toplamaqdan ötrü istifadə edildiyi isə olduqca maraqlıdır.
Modern.az saytı dünya xüsusi xidmət orqanlarının istifadə etdiyi bu maraqlı metodlar haqqında araşdırma aparıb.
Ağacdakı “qurdlar”
ABŞ məxfi qurumlarının siyasi trayektoriyasının əsas cizgiləri SSRİ kimi supergücün dağılmasında bəlli hədəflərə çatmaq idi. ABŞ kəşfiyyatı buna görə ilk növbədə SSRİ haqqında səhih, ətraflı məlumatlar toplamalı idi. Bunun üçünsə ABŞ qarşı tərəfdə agentlərilə yanaşı, müxtəlif kəşfiyyat qurğuları da yerləşdirməli idi. Belə ki, 1970-ci ildə ABŞ məxfi servisləri saxta ağac kötükləri düzəltməklə onların içinə dinləmə cihazları qoyaraq onları Moskva ətrafında meşəlik ərazilərə yerləşdirib. Məqsəd isə SSRİ-nin radar və nüvə raketləri sistemlərinin yaydığı siqnallara yiyələnmək olub. Tutulan siqnallar yığılmaqla informasiya şəklində rəsmi Vaşinqtona ötürülüb. Qurğunun üst hissəsi təbii ağac kötüyü təsəvvürü yaratsa da, əslində şəffaf maddədən ibarət bir aparat olub. Qurğu məhz bu şəffaflıq sayəsində günəşdən enerji yığmaqla işini görüb. Lakin Sovet DTK-sı Ağ Evin kəşfiyyat planın icraçısı olan “agenti” ifşa edə bilir.
Mərkəzi Kəşfiyyat İdarəsinin eynəyi
ABŞ kəşfiyyatının baş idarəsi 1970-ci illərdə istehsal etdiyi şüşələrin içində kapsul yerləşdirir. Bu eynək isə agentlərin özünü öldürməsi üçün nəzərdə tutulub. Gözlük casusların işgəncəyə tab gətirməyib etiraflar etməməsinə hesablanıb. Belə ki, kapsuldan içməklə onlar dövlət sirlərini verməkdən həyatları bahasına qurtulurdular.
“Təzək yığını”
ABŞ kəfiyyatının kənd yerlərində evlərin qızıdırılması məqsədilə istifadə olunan təzəklərdən də yararlandığı vaxt olub. Radioötürücü rolu oynayan bu təzək yığını şəklindəki qurğu havadakı pilotları bombalanacaq hədəflərə və ya fotosu çəkiləcək yerlərə istiqamətləndirilirdi. İt nəcisi şəklində olan bu aparat Vyetnam müharibəsində geniş istifadə olunub.
SSRİ-nin “çətiri”, “pomada” siyasəti
Kəşfiyyat aparatlarından SSRİ də çox yararlanıb. SSRİ kəşfiyyatçıları ampulada sıxışdırılmış qazın köməyi ilə atəş saçaraq insanı infarkt edən spreylər istehsal etmişdi. Bundan əlavə “bolqar çətiri” adı ilə tarixə düşmüş öldürücü gücə malik aparatlar da maraq doğurmaya bilməz. Kreml əleyhdarları məhz bu silahla qətlə yetirilib. Araşdırmalara görə 1978-ci ildə müxalif bolqar yazarı Georgi Markov məhz bu qurğu ilə öldürülüb. Nobel mükafatı alan, mühacirətdə olan dissident Aleksandr Soljenitsinə qarşı da “çətir” əməliyyatı keçirilib. Sovetə qarşı tənqidi mövqeyi ilə seçilən Soljenitsin zəhərlənsə də, həytını xilas edə biliblər.
SSRİ rus qadın qadınlarını da DTK-ya cəlb edərək onları əməlli-başlı yetişdirib. DTK üçün gözəl xanımların cəlbediciliyi də məqsədlərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edirdi.
DTK-nın qadın əməkdaşları düşmənləri məhv etmək üçün pomadanın imitasiyası olan və “ölüm öpüşü” adlanan silahdan yararlanıblar. 4.5 mm-lik, bir mərmi atmaq qabiliyyətinə pomada görünüşlü tapança kəşfiyyatçı xanımların əsas silahı olmaqla bir neçə insanın ölümünü reallaşdırıb.
Şəkilçəkən düymə
DTK-nın saysız-hesabsız qurğularından biri də 1970-ci illərdə istifadə olunan xüsusi düymələr idi. Plaşın düyməsinə yerləşdirilən fotoaparatlara “Ayaks” adı verilmişdi. Casus şəkil çəkmək istəyəndə plaşın düyməsinə basırdı.
Aqşin Kərimov
Ardı var...
P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.