Modern.az

“Axtarış”

“Axtarış”

15 Yanvar 2014, 13:04

Rövşən Nəcəfov

 

Hisslərimizi ifadə etmək çətindir. Nifrət sevgidən daha səmimidir. Qorxu insanı idarə edir. İnsan hisslərini, fikirlərini ifadə edəndə başqalarının nə deyəcəyini düşünür...

İnsanın özünə tərtib etdiyi çərçivə cəmiyyətin baxışlarından formalaşır. Razılaşmadığımız məqamlar çoxdur. Həqiqət isə bizi istəmədiklərimizə yönləndirir. Hər kəsin öz həqiqəti və baxışı var. İnsanlar həqiqətləri axtarmağı, həqiqəti tapmaqdan daha üstün tuturlar. Həqiqəti tapmaq, yaşam anlayışının bitməsi ilə nəticələnə bilər. Həqiqət – olduğu kimidir. Səni MƏNindən xilas edir. Sadəcə olaraq, biraz cəsarətli olmaq və fikirlərini ifadə etmək kifayət edir. Ətraf səni olduğun kimi deyil, göründüyün kimi təsvir edir. Özünü ifadə etmək və təsdiq etmək üçün kimlik axtarışındayıq. Yəni, biz kimik? Mən kiməm?

Səmimiyyət bütün həqiqətlərin silahıdır. Biz bu silahdan istifadə edərək, istədiklərimizə nail olmağa çalışırıq. İstədiyimiz fikirləri səsləndirmək və istədiyimiz kimi yaşamaq istəyirik. Cəmiyyət isə bizə istəmədiklərimizi təqdim edir. Rahat olacağımız məkan, narahat etməyən insanların əhatəsində bir dünya qurmaq istəyirik. Reallıq isə yazılmamış qaydaların formalaşdırdığı toplumun məkanlarını qurur. Onları çevrələşdirir və çarələşdirmir. Yəni, axtarış edə bilmirik. Sadəcə olaraq yaşamaq lazımdır. Baş verən və verəcək bütün hadisələrə sakit reaksiyalar verərək həyatımızın rahatlığını təmin etmiş oluruq. Yorğun oluruq. Özümüzü həyata qarşı yoruruq və ya həyat bizi yorur.

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. © Çarli Çaplin

Düşüncələrimizin sərhədi yoxdur. Beynimizin və ürəyimizin əməlləri var. Beynimizlə etdiyimiz axtarışları ürəyimizlə tapa bilmirik. Ürəkdən fərqli olaraq beyin bir orqan kimi özünü daha çox təsdiq edib. Beyin sistemli şəkildə, ürək isə dağınıq olaraq özünü təqdim edir. İnsanın etdiyi axtarışların sonu ölümdür, həqiqətdir. Öz həqiqətimizi formalaşdıra bilmirik. Başqalarının həqiqətlərinə sığınırıq. Başqalarında özümüzü tapırıq. Başqalarından nümunə gətiririk. Ailədə deyildiyi “Filankəs necə, səndə elə...” kimi çərçivələnirik. Filankəslərdən biri oluruq. Yəni onlara oxşuyuruq. Fərdi olaraq inkişaf etmək və formalaşmaq üçün etdiyimiz axtarışları sərhədsizləşdirməliyik. Alternativ fikirlərlə tanışlıq yaratmaq və öyrənmək fərdi nümunələrin effektivliyini artıracaq. Özünü təqdim və təsdiq etmək üçün axtarışlarla kimliyimizi formalaşdırırıq. Hansıki, cəmiyyətin filankəslərindən biri yox, məhz kim olduğumuzu və ya kim olacağımızı müəyyən edirik. Yerimizi bilirik.

Həqiqət haqqında düşünəndə ilk olaraq beynimizə “doğru” olmaq gəlir. Doğru olanlar bizim gördüklərimizdir. Həqiqət isə düşündüyümüz və hiss etdiklərimizdir. Həqiqət ölüm qədər güclü olsa belə, səmimidir. Ölüm axtarışın sonu deyil.

Ölümdən sonra...

 

Ölümü ifadə etmək çətindir. Sakit və soyuqdur. Ölüm YOXdur. Amma yox deyil. Biz onu axtarmırıq, yaşıyırıq.

   
Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB