Modern.az

Milli Şuranın istefa vermiş üzvləri də Eldar Namazovun təklifinə reaksiya verdilər: “Ehtiyac yoxdur”

Milli Şuranın istefa vermiş üzvləri də Eldar Namazovun təklifinə reaksiya verdilər: “Ehtiyac yoxdur”

15 Yanvar 2014, 15:09


“El” Hərəkatının sədri Eldar Namazov Milli Şura ilə bağlı təkliflər verib. Hərəkat sədrinin təklifində Milli Şuradan istefa vermiş şəxslərin də geri qaytarılması da yer alıb. E.Namazov fikrini belə əsaslandırıb: “Əsas brenddən imtina etməməklə təşkilatın adına düzəliş etmək olar. Məsələn, Milli Şura (demokratik qüvvələrin koordinasiya mərkəzi). Çoxlu mübahisəyə səbəb olan daxili Koordinasiya Şurasının yaradılması ideyasından imtina etməkdə olar. Belə ki, Milli Şura özü daha kompakt koordinasiyaedici orqana çevriləcək. Onun işinin təmin olunması üçün sədr aparatı yetərli olacaq. Əgər sərt vertikal iyerarxiya strukturuna malik bir qurumda olmaq bir çox təşkilatlar üçün problemlər yaradırsa, onda bərabər hüquq əsasında koordinasiya orqanında iştirak vaxtilə Milli Şuraya daxil olmayan, həm də son vaxtlar onun tərkibindən çıxan təşkilatlar üçün məqbul ola bilər”.

“El” sədrinin bu təklifinə Milli Şuradan istefa vermiş üzvlər münasibət bildiriblər.

“Xalq arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev Modern.az-a açıqlamasında deyib ki, Milli Şuranın adının dəyişdirilməsi heç bir əhəmiyyət kəsb etmir: “Milli Şura ətrafında müxtəlif söz-söhbətlər gedir. Cəmil Həsənli bir neçə gün öncə yazdığı yazıda Milli Şuranın yenidən formalaşdırılması ilə bağlı məsələlərə toxunub. Amma tam şəkildə açıqlamayıb. Ad nə olur-olsun, əsas təşkilatın birliyidir. Milli Şura cəmiyyətdə müəyyən qədər nüfuz qazanıb. Qurumun formatında dəyişiklik edib, yenidən cəmiyyətə təqdim etmək olar. Şura yenidən formalaşdırılacaqsa, orada partiyalara üstünlük vermək olmaz. Çünki kənarda kifayət qədər ziyalılar var. Partiyaların orada üstün olması qurumun inkişafının qarşısını alır. Düşünmürəm ki, hansısa partiyanın Milli Şuradan çıxması qurumun cəmiyyətdə nüfuzuna xələl gətirəcək. Əsəs Milli Şurada hədəflərin müəyyən edilməsidir. Yəni Milli Şura nə istəyir, xalq onu bilməlidir. Bu, olmayanda uğur qazanmaq mümkün deyil. Özüm hələki ora qayıtmağı düşünmürəm. Hədəfi bəlli olmayan yerə niyə qayıdım ki? Hədəflər müəyyən edilərsə, geri dönmək olar”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib ki, belə təklif olarsa, müzakirə olunacaq: “Milli Şuradan istefa vermişəm. Əgər hər hansı format təklif edirlərsə, onu müzakirə edə bilərik. Əvvəlki formatda, tərkibdə fəaliyyət göstərəcəklərsə, Milli Şuranın fəaliyyətinə son qoyulacaq. Son zamanlar bir-birilərinə qarşı olan kini, küdurəti görürsüz. Səmiyyət olmayan yerdə birlik mümkün deyil. Eldar Namazov bunu bizə təklif edərsə, biz partiyamızda bunu müzakirə edərik”.

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Eldar Namazovun bu təklifini Milli Şura üçün süni nəfəs adlandırıb: “Buna ehtiyac yoxdur. Bu təşkilat yaşayan deyil. Onu etməkdənsə, yeni şəraitə uyğun təşkilatlarla yenidən danışıqlar aparıla bilər. Müsavat Partiyası müttəfiqlik və əməkdaşlıqla bağlı təkliflərini verib. Ona görə də koalisiyalara yenidən qoşulmağa, böyük birliklərin tərkib hissəsi olmağı düşünmürük. Çünki Milli Şuradan yeni ayrılmışıq. Təəssüf ki, hələ bunun söz-söhbəti davam edir. Yəni ikitərəfli və uzunmüddətli əməkdaşlıqların daha çox tərəfdarıyıq, nəinki belə mücərrəd birliklərin”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB