
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvü, millət vəkili Zahid Oruc dəfələrlə ATƏT-in Varşava Bürosunu casus şəbəkəsi yaratmaqda ittiham edib. Parlamentdə etdiyi çıxışlardan və mediaya verdiyi açıqlamalardan belə nəticəyə gəlmək olar ki, sözügedən Büronun Azərbaycanda da əlaltıları var. Konkret təşkilat və ya şəxs adı çəkməyən millət vəkili onda bununla bağlı ciddi faktların olduğunu bildirib.
Mövzu ilə bağlı
Modern.az-a danışan Z. Orucun sözlərinə görə, onun ittihamlarının arxasında uzunmüddətli müşahidələr dayanır. Komitə üzvü bildirib ki, onun çıxışları tərəf tutmaq və Varşava Bürosunu məqsədyönlü şəkildə qaralamaq niyyətindən irəli gəlmir. “Digər tərəfdən, dediklərim fərdi baxış da deyil. Beynəlxalq reallıqda ATƏT-in bu Bürosuna oxşar yanaşmalar olub. Həmin qurumun formalaşma prinsipləri, ora toplaşan parlamentarilərin seçilmə və fəaliyyət istiqamətlərinin əsasları kifayət qədər məxfi saxlanılır və xəfiyyə idarəsinə çevrilib”.
Z.Oruc qeyd edib ki, ATƏT-in Varşava Bürosuna ABŞ-da da münasibət birmənalı deyil. Onun dediyinə görə qurum rəhbərliyi dəfələrlə beynəlxalq təşkilatların tədbirlərində vurğulayıb ki, rəsmi Vaşinqton onları ABŞ-dan kənarlaşdırıb. Deputat ATƏT-in Minsk Qrupuna da eyni ittihamı səsləndirib. “Demokratik İnsan Haqları Bürosu nədirsə (Varşava Bürosu) ATƏT-in Minsk Qrupu da eyni funksiyanı daşımaqdadır. Hər ikisi regionu öz maraqları çərçivəsində idarə etmək niyyətini güdür. Son seçkilərdə də Varşava Bürosunun Azərbaycana təşrif buyuran nümayəndələrinin peşəkar diplomatlar olması və xəfiyyə qaydasında işləmələri haqqında məndə məlumatlar mövcuddur”. Sözügedən beynəlxalq təşkilatın Azərbaycanda dəstəyinin olması barədə Z. Oruc fikirləşir ki, belə bir fakt mövcudluğuna baxmayaraq, ATƏT tam olaraq prosesləri nəzarətdə saxlaya bilmir. “Onların ölkə içərisində müxtəlif qurumlarla təmasları kontinental əsaslara söykənir. Əksər hallarda şəxslər, qurumlar hansı səbəbə görə bu beynəlxalq təşkilatla əməkdaşlıq etdiyini açıqlamır. Hakimiyyət əleyhinə mövqe tutan, ictimai qurum olmaqdan daha çox siyasi barrikadada yer alan qərəzli təşkilatlara önəm verməyi də ayrıca qeyd etmək olar. Bu da onu göstərir ki, beynəlxalq təşkilatın kifayət qədər əlaltıları var və onlar çirkli fəaliyyətlə məşğuldur. Mən indiki reallığı nəzərə alaraq ad çəkmək istəmirəm. Çünki fikirlərimin konkret şəxsləri əleyhinə istifadə olunmasını arzulamıram. Ancaq rəqəmlər və dəlillər göstərir ki, 220 nəfərlə Azərbaycana gəlib, guya 1300 məntəqə çevrəsindəki məlumatları müxtəlif şəxslərdən alan qurumun sonradan seçkilərə yekun rəy verməsi tamamilə əsassızdır”.
Aqşin Kərimov