Yer kürəsinin ən böyük axmaz gölü olan Xəzər dənizi Avropa və Asiyanın kəsişməsində yerləşir.Dibində okean tipli yer qatı yerləşdiyinə görə dəniz adlanır. Xəzərin başqa bir fərqli cəhəti isə onun dünya okeanı ilə birbaşa əlaqəsinin olmamasıdır. Xəzər dənizinin sahəsi 380 000 km-dir.Dəniz özünəməxsus fauna və florası ilə fərqlənir. Xəzər dənizində Muğam daşı, Kür daşı, Qarasu, Pirallahı ümumən təqribən 50-dək ada var.Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya Xəzər sahili ölkələrdir.
Xəzər dənizi böyük sərvətdir. Bəli, bu həqiqətən də belədir. Yer kürəsinin ən böyük axmaz gölü olan Xəzər nadir canlı varlıqları, heyvanat və bitkilər aləmi olan zəngin bir dünyadır.Bununla yanaşı yer kürəsində ən mühüm təbii enerji sayılan “Qara qızıl”ın mənbəyidir. Bir sözlə Xəzər xəzəryanı dövlətlərin ümumi sərvətidir. Xəzər dənizi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə onu vurğulamaq lazımdır ki, Azərbaycanda hasil olunan neftin 67 faizi, qazın isə 95 faizi Xəzərdən çıxarılır. Müxtəlif hesablamalara görə Xəzər dənizində olan neft ehtiyatları 200 milyard barelə çatır. Bu isə Xəzər dənizinin ölkəmiz və xəzəryanı ölkələr üçün hansı əhəmiyyətə malik olduğunu bir daha təsbit edir. Bioloji sərvətləri ilə tanınan Xəzər dənizi zəngin bir xəzinəni xatırladır. Hazırda Xəzərdə 101 müxtəlif balıq növləri yaşayır. Dənizdə hətta bəzi balıq növlərinin sayı milyonlarla və milyardlarla ölçülür. Ümumən dənizdə 920-yə yaxın heyvan növü yaşayır.
Bu gün Xəzər dənizi dünya enerji təhlükəsizliyində mühüm rol oynayır.Eyni zamanda ətraf mühitin qorunması Xəzər dənizi üçün çox böyük əhəmiyyət daşıyır. Zəngin təbii ehtiyatlarla xəzəryanı dövlətlərə xidmət edən Xəzərin ekoloji cəhətdən təmiz olması həmin ölkələrin üzərinə böyük vəzifələr qoyur.
Bu gün Xəzər dənizi böyük çirklənmə ilə, bəlkə də ekoloji fəlakətlə üz-üzədir. Bu çirklənmə isə müxtəlif səbəblərdən baş verir. Lakin, Xəzərin çirklənməsinin əsas səbəbi sənaye məhsullarının və kənd təsərrüfatı tullantılarının, quruda və su sahillərində qaz və neft buruqlarının istismarı nəticəsində yaranan çirkli maddələrin dənizə axıdılmasıdır. Elə düşünürəm ki, xəzəryanı ölkələrin ümumi məxrəcə gələ bilməməsi və Xəzərin statusunun qeyri-müəyyənliyi bu problemlərin həllinə mənfi təsir göstərir. Belə olan təqdirdə problemlərin həlli ikinci plana keçir, ekoloji problemlər daha da dərinləşir. Lakin bunlara rəğmən ölkəmiz xəzəryanı dövlətlər içərisində yeganə dövlətdir ki, dəniz və onun akvatoriyasının çirklənmədən qorunması üçün kompleks tədbirlər həyata keçirir. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-ci illər üçün “Kompleks Tədbirlər planı” təsdiqlənmişdir.Həmin plan Bakı və ətrafında , Abşeron yarımadasında günbəgün ağırlaşan, artıq ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 20 iyun 2007-ci il tarixində imzalanmış “Xəzər dənizinin çirklənmədənqorun”masına dair müvafiq sərəncama əsasən tədbirlər həyata keçirilmişdir. Bu sərəncama əsasən Xəzər sahilində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılmışdır.Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin 5 stansiyası faliyyət göstərir ki, bunun sayəsində ətraf mühit insan sağlamlığına mənfi təsir. göstərən inqrediyentlərdən təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Bakını qoynuna alan mavi Xəzər paytaxtımızın gözəlliyinə obrazlı desək sevgi bəxş edir.Xəzər bizlərlə neçə-neçə şanlı zəfər tarixinin şahidi olub. Bakı bu dənizlə qürurlu və kədərli anları bir bölüb. Elə, 1990-ci ildə olduğu kimi. Onda Xəzər də bizlər tək Erməni vəhşiliklərinə şahidlik edib şəhid vermişdir. O, gecə bizlərdən daha canlı şahid, bəlkə də Xəzər idi. Xəzər Erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətləri, vəhşilikləri bizlərlə barəbər bir tarixdə yaşamışdır.O, gecə dənizə atılan insan cəsədləri Bakımızın Xəzərinin bağrına dərd salmışdır. Mən Xəzəri Bakıdan ayıra bilmirəm. Bəlkə də bu bir qismətdir Bakının payına düşmüş. Nə Xəzəri Bakısız, nə də Bakını Xəzərsiz təsəvvür etmək qeyri-mümkündür. Xəzər Bakını ana tək qoynuna alan tarixlərin qürurlu, şanlı anlarını özündə əks etdirən tarixin bir parçasıdır. Nə qədər baxıb hüsnünə tamaşa etsəm də doyası deyiləm səndən Xəzərim. Sən hər zaman şairlərin, yazarların ilham mənbəyi olaraq qalacaqsan. Sevgi dolu dənizim, nəğmə ruhlu dənizim. Bir şairin dediyi kimi: Ruhumun sözlərə biganə həzin bəstəsisən göy Xəzərim Mərdliyimin himnisən, azadəliyin nəğməsisən göy Xəzərim. Bəli, Xəzər həm də mərdliyimizin himnidir. Nuri Paşanın rəhbərliyi altında Qafqaz İslam ordusu tərəfindən 1918-ci ildəBakının işğaldan azad edilməsi kimi şanlı zəfər tarixini paytaxtımız məgər Xəzərlə yaşamayıbmı.?Sonda ən böyük tarixi qələbəmiz olacaq Qarabağ zəfərini Bakının qoynunda Xəzərlə yaşamaq ümidi ilə...
Abbas Qəmli