Modern.az

Xəzər-Türk imperiyası Azərbaycan tarixinə niyə aid edilmir?

Xəzər-Türk imperiyası Azərbaycan tarixinə niyə aid edilmir?

15 Yanvar 2014, 15:22

Azərbaycan türk tarixində iki Xəzər dövləti olub

 I yazı

Azərbaycan tarixinin coğrafi anlamdan uzaqlaşmağın vaxtı çoxdan çatıb. Azərbaycan bir coğrafi tarix olmaqdan daha çox bir millətin - Azərbaycan türklərinin tarixidir. Əgər Azərbaycan tarixşünasılığı diqqəti bu məsələyə yönəltsə heç də pis olmaz. Fikrimizcə, coğrafi  tarix anlayışdan uzaqlaşıb milli tarix yazsaq görərik ki, Xəzər yalnız bir türk imperiyası deyil, həm də bir Azərbaycan imperiyası olmuşdur. Özü də, Azərbaycan Xəzər-Türk imperiyasının tarixi bizim eradan deyil, ən azı eramızdan əvvəl 1-ci minilliyin ortalarından başlayır.

Belə ki, e.ə. II minilliyin sonu - e.ə. I minilliyin əv­vəl­lərindən başlayaraq irandilli tayfaların buraya axını nə­ti­cəsində qədim Azərbaycan türklərinin özünümüdafiə etməsi zəruri olmuş, beləliklə, türk etnosları arasında daha ciddi siyasi birliklər, dövlətlər yaranmışdır ki, onlardan biri də Xə­zər (Kaspiana) çarlığı olmuşdur. E.ə. I minillikdə Azərbaycanın qədim türk etnosları ilə (aratta­lı­lar, kutilər//utilər, lullubilər, sular//suvarlar, qarqarlar, xə­zər­lər//kaspilər//azlar, turukkilər, mannalılar// maqlar, al­ban­lar//aranlar və b.), buraya axın edən türk etnosları (madaylar, kimmerilər, iskitlər//iş quzlar, saklar və b.) bir-birilə qaynayıb qarışaraq Azərbaycan türklərinin forma­laş­ma­sında ilk addım atmışlar.

Qafqazda çoxluğu təşkil edən türk etnoslarının erkən orta əsrlərdən başlayaraq Arana hücum etməsi, heç də hunların, xəzərlərin və b. türk etnoslarının bu vaxta qədər Albaniyanın-Aranın sərhədlərindən kənarda yaşaması və Aranın, Azərbaycanın yerli türk xalqları ilə heç bir bağ­lı­lıq­la­rının olmaması demək deyildir. Belə demək müm­kün­dür­sə, bəzi tarixçilərin, o cümlədən Musa Kalankat­lının istilaçı kimi qələmə aldığı, Arana və Azərbaycana yürüşlər təşkil edən hunlar, o cümlədən xəzərlər üçün nə Aran, nə də Azərbaycan yad torpaqlar ola bilməzdi. Çünki Aranda və Azərbaycanda yaşayan türklər elə xəzər türkləri idilər.

Qədim yunan, gürcü, ərəb, fars və başqa mənbə­lə­r­də erkən orta əsrlədən başlayaraq qazların, az ərlərin və xəz ərlərin də sahilində yerləşdiyi dəniz Xəzər, ölkə isə Xə­zər­lər və yaxud Azərbaycan adlandırılmağa başlanmışdır. De­məli, Xəzər adı «Azərbaycan»a ən yaxın bir istilah olmuş və onun ilkin, qədim formasıdır. Kas//qaz//xəz//az ərlər baş­qa türksoylu tayfalarla birlikdə Azərbaycan-türk xalqının etnogenezində başlıca rol oynamışdır. «Kartlis Sxovrebo» («Gürcüstanın həyatı») adlı qədim gürcü mənbəsində e.ə. IV əsrdə Kartlidə əhalinin altı dildə, o cümlədən Xəzər dilində danışdığı qeyd olunub. Fikrimizcə, farsdillilərin təsiri al­tın­da eramızdan əvvəlki minilliyin son əsrlərində (e.ə. II-I yüzilliklər) «indi itib getmişlər» (Strabon) kimi tarixə düşən xəzərlərin (daha doğrusu, Azərbaycandan şimalda yaşayan xəzərlərin - F.Ə) Azərbaycanda növbəti dəfə «görünmələri» I-III əsrlərə təsadüf edir. Deməli, xəzərlər ən qədim dövrlərdən bu ərazilərdə yaşamış və hətta Xəzər adlı iki dövlətin olduğu məlum olmuşdur.

«Kaspi», «Azər» və «Xəzər» sözlərinin kökündə kas// qaz//xəz//az (cüzi fonetik dəyişikliklə), eləcə də son iki sözün ikinci hissəsində «ər» sözünün eyniliyi Azərbaycanın türk yurdu olmasını bir daha təsdiq edir. «Azərbaycan» sözü «Xə­zər»lə müqayisədə sonralar meydana çıxmış və hər iki söz təxminən eyni mənanı ifadə edirlər.

Orxon-Yenisey yazılı dastanlarında adı çəkilən «Az xal­qı»nın həm Azərbaycan türkləri, həm də xəzərlər olması haq­qında fikirlər mövcuddur. Deməli, xəzərlər elə Azər­bay­can türklərinin tam olaraq özləridir; Xəzər dövləti də Azər­bay­can türk dövlətidir. Bu baxımdan, bizə elə gəlir ki, tarixdə iki Xəzər dövləti olmuşdur. İlk Xəzər//Xəzəristan//Xəzran dövləti era­mız­dan əvvəl I minilliyin ortalarında (təxminən e.ə. VI-III yüzilliklərdə), bəlkə də daha qədim dövrlərdə mövcud ol­muş, yunan mənbələrində Kaspiana kimi anılmışdır. İkinci Xə­zər Xaqanlığı isə erkən orta əsrlərdə, Qərbi Türk Xa­qan­lığının parçalanması nəticəsində yaranmış (VII-X əsrlər), Aşağı Volqaboyunu və Şimali Qafqazın şərq hissəsini əhatə etmişdir.

Ölkə adına, əhalisinin mənşəyinə görə, qədim və erkən orta əsrlərdə mövcud olmuş, Xəzər adını daşımış bu türk dövlətləri Azərbaycan dövlətləridir. Çünki hər iki Xəzər dövlətinin ərazisi yalnız Dərbənddən şimala olan torpaqlara deyil, həm də cənuba, yəni Arrana, hətta cənubi Azərbay­cana qədər uzanmışdır. Xüsusilə VII-X əsrlərdə mövcud ol­muş Xəzər dövləti demək olar ki, indiki Azərbaycanın bö­yük bir qismində hakimiyyət sürmüşdür. Çox təəssüflər ol­sun ki, bu gün «Azərbaycan tarixi» kitablarında e.ə. I mi­nil­li­yin ortalarından mövcud olan Xəzər dövləti barədə ümu­miy­yətlə, bəhs olunmur, erkən orta əsrlərdə yaranan ikinci Xəzər Xaqanlığı isə Azərbaycan tarixinin, Azərbay­can dövlətçiliyinin tərkib hissəsindən kənar öyrənilir.

Çox güman ki, qədim Azərbaycan ərazisindəki dövlətin adı Atropatena yox, başqa cür Xəzər, Xəzran, Xəzəristan, Adərbayqan və buna uyğun bir ad olmuşdur. Xəzərlərin və onların ölkəsinin adı ilk dəfə Kaspi və Kaspiana kimi e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodotun «Tarix» əsərində çəkilmişdir. Fikrimizcə, yunan tarixçisi «qaz» sözünü «kas» kimi qəbul edərək, qazların-kasların vətənini Kaspiana, yerli tayfanın adını isə kaspi (pi cəm şəkilçisidir-lar2) adlandırmışdır. Deməli, Albaniya və «Atropatena» dövlətləri yaranana qədər Azərbaycanda mövcud olan ən qədim dövlətlərdən biri Kaspiana//Xəzərlər ölkəsi olmuş­dur. Yunanların «Kaspiana» alandırdığı bu dövlət əslində qaz/kasların, daha doğrusu «xəzərlər ölkəsi» mənasını verir. Kaspiana indiki Şimali Azərbaycanı, müəyyən qədər isə Cənubi Azərbaycanın ərazisində, Kürün Arazla birləşdik­dən sonra Xəzərədək olan hissəsindən cənubda yerləşən dənizyanı sahəni əhatə edirdi. Bu mülahizəmiz, Strabonun «Coğrafiya»sındakı bilgilərlə də təqribən üst-üstə düşür. Strabona görə, kaspilər sonralar albanlara qaynayıb-qarış­mış­lar. Kaspilərin adı yalnız dənizin və onların yaşadıqları vilayətin adınıda saxlanılmı­şdır. Kaspiana mil­laddan sonrakı III əsrdə Balasakan, Balasahun, sonralar isə Muğan və Arran adlan­dırılsa da, öz qədim adını da Xəzran, Xəzrankuh, Xəzərgan və s. qoruyub saxlamışdır. Xəzər də­nizi erkən orta əsrlərdən əsasən Xəzər adlandırılsa da, yu­nan­ların dediyinə görə, Kaspi kimi də ifadə olunmuşdur. Fik­rimizcə, Kaspi və Xəzər anlayışları eyni kökdəndir və kaz/kas/az tayfasının adı ilə bağlıdır. Bu dənizi yunan-romalılar Kaspi, farslar, ərəblər, türklər isə, əsasən Xəzər adlandırıblar ki, kas və xəz (qaz) eyni türksoylu xalqın bir qədər fərqli ifadələrdir. Deməli, Kaspiana ölkəsi, həm də Xə­zərlər ölkəsi anlamını verir. Belə ki, yunanca «kas» sözü «qaz/xəzər», «kaspi» sözü «xəzərlər», «kaspiana» isə «xəzər­lər ölkəsi» deməkdir.

Fikrimizcə, tannımış və dahi Azərbaycan türk mütəfəkkirləri Xaqani və Nizami Gəncəvi «Xəzran», «Xəzər», «xəzərli», «xəzərlər», «Xəzər dağı» anlayışlarını türk ölkəsi, türk əhalisi, türk yurdu və s. mənalarda ifadə etmişlər. Məsələn, Xaqani üçün, vətən, dövlət baxımından Şirvan və Xəzran eyni mənanı daşıyır: «İqbalı Xəzran fəth edər, ədlilə dolmuş ölkələr, Hind ölkəsindən fil gələr, Xəz­ran­da filban bəsləyər». Xaqani (12-ci əsr) dah çox türklərin qədim vətəni kimi Turan və Xəzran adlarını çəkmişdir. Bu da, türklərin-xəzərlərin Qafqaz və Azərbaycanda əsrlər boyu davam edən dominant­lığının nəticəsi idi. Xüsusilə, Turan türklər üçün əbədi bir simvola çevrilmişdi.

Başqa bir dahi Azərbaycan türk aydını Nizami Gəncəvinin (12-ci əsr) «İskəndərnamə» poemasında İskəndərlə bağlı «Xəzran», Xaqaninin «Xəzran» ölkə­lərin­dən bəhs etməsi də, qədim dövrdə Xəzər dövlətinin varlığını təsdiq edir. «Xəzər dağından Çin suyuna qədər Türklərlə doludur bütün bu yerlər»- yazan N.Gəncəvi birincisi, buranın qədimdən türk tor­pağı olduğunu, ikincisi isə «Xəzər dağı» ifadəsini işlətməklə həmin dövrdə xəzərlər adlı türk etnosunun mövcudluğunu göstərmək istəmişdir. Başqa tərəfdən N.Gəncəvinin «İskən­dər­namə»sində görürük ki, İskəndərin qoşununda türklər olduğu kimi, rusların da qoşununda Xəzər, Xəzran ölkə­sin­dən gəlmiş «xəzərlər» adlı türk tayfaları var: «Qarşıda bə­nizi qırmızı ruslar Məcusun atəşi kimi parıldar. Sağ qolu bəzəmiş Xəzran dəstəsi, Soldan da ucalır Burtasın səsi». Əslində «Xəzran» sözünün mənası Xəzərlər - «Xəzərlər ölkəsi» deməkdir. Hət­ta, N.Gəncəvi «İskən­dər­na­mə»də bir türk etnosu kimi «xəzərli» terminindən də isti­fadə etmişdir. N.Gəncəvi «Xəzər» və «Xəzərlər ölkə­si»ndən «Xosrov və Şir­in»də də bəhs etmiş, Xəzər ölkə­si­nin Muğan tərəfədə ol­du­ğunu göstərmişdir: «Oradan Mu­ğa­na tərəf yollandı, Mu­ğ­an­dan da Xəzərlərə sarı keçdi». Deməli, «Xəzran» dövləti və xəzərlər e.ə. IV əsrin sonla­rın­da hələ mövcud idi və ruslarla birgə İskəndərə qarşı döyüşdə iştirak ediblər.

Qeyd edək ki, bir sıra tarix kitablarında, o cümlədən ASE-nin 10-cu cildində «Xəzər Xaqanlığı dağıldıqdan sonra xəzərlər müxtəlif türkdilli xalqlara qaynayıb-qarışdılar»  mülahizəsi öz əksini tamışdır. Əslində xəzərlər Qafqazın və Azərbaycanın yerli və qədim sakinləri kimi həmişə möv­cud olubular və onların öz qohum tayfaları ilə qaynayıb-qarışması isə, xəzərlərin bir etnos, millət olaraq yoxa çıx­ma­sı kimi qiymətləndirilə bilməz. Yəni indi Azər­baycanda «azər­baycanlı» adlanan türklər keçmişin, deməli həm də bu günün azları, xəzərləri, aranları (albanları) hun­ları, oğuzları, qıpçaqları, səlcuqlarıdır.

Bütün bunlar bir daha təsdiq edir ki, tarixdə iki «Xəzər dövləti» olmuşdur və bir çox tədqiqatçılar hər iki dövlətin əsas əhalisi olan xəzərlər haqqında «yox olub getmiş tayfa» kimi bəhs edirlər. Halbuki milladdan əvvəlki və erkən orta əsrlərdə tarixdə yad edilmiş xəzərlər bugünkü Azər­bay­can türklərinin ulu əcdadlarıdır. Ancaq biz ulu əc­dad­larımıza sahib çıxmaq əvəzinə, «Azərbaycan tarixi» kitab­la­rın­da və b. əsərlərdə tək bir Xəzər Xaqanlığından bəhs edi­rik ki, onu da Azərbaycan xalqına yad, ən yaxşı hal­da qonşu olan və bu əraziyə tez-tez basqınlar edən bir döv­lət kimi qələmə ve­ri­rik. Ancaq Azərbaycan xalqının tarixinə düzgün işıq salıb obyektiv şəkildə mənimsəsək görərik ki, orta əsrlərdə yalnız Azərbaycan türkləri olan N.Gəncəvi və Xaqani deyil, ərəb tarixçiləri də Azərbaycanı «Xəzərlər məmləkəti» adlandırıb­lar. Qeyd edək ki, ərəb alimi əl-Təbəri hələ N.Cəncəvi və Xa­qanidən öncə IX-X yüzilliklərdə Azərbaycanın «Xəzərlər məmləkəti» olduğunu yazmışdır. XIV yüzillikdə isə türk tarixçisi F.Rəşidəddin Dəmirqapı Dərbənddən bəhs edərkən, onu «Xəzər Dərbəndi» adlandırmışdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil