“İstənilən bir siyasi təşkilatın yaranmasının zərurəti olmalıdır. Bu təkcə sosial sifarişdən deyil, eyni zamanda siyasi sistemdə olan boşluqlardan istifadə edərək partiya yaratmaq olar”.
Bunu Modern.az-a millət vəkili Zahid Oruc deyib. O, partiya yaradacağı ilə məsələyə münasibət bildirərkən qeyd edib ki, onun belə bir niyyəti yoxdur.
Deputat söyləyib ki, partiyanın yaradılması üçün sosial baza lazımdır.
“Formal olaraq 1000 nəfər qeydiyyat üçün deyil, eyni zamanda ölkənin müxtəlif bölgələri üzrə əhatələnmək gərəkdir. Azərbaycanda klassik partiya modellərindən kənar fəaliyyət mövcuddur”-deyən parlament üzvü bildirib ki, Azərbaycanda partiyaların çoxu məhəlli miqyasda fəaliyyət göstərir.
Z. Orucun sözlərinə görə özlərini daha çox korporasiya kimi aparan qüvvələr mövcuddur.
“Bir çoxları da düşünür ki, hamı bu yolu getməlidir. İndiki halda mənim atacağım addımlara, iqtisadi maliyyə bazası yaratmağıma baxmayaraq etiraf edim ki, partiya işi çox maliyyə məsrəfləri tələb edir. Nizamnamə kapitalı bir cibdən formalaşarsa, o partiyalarda demokratik mühiti bərqərar etmək çox çətin olar. Əksər hallarda partiya başqanları, sədrləri öz siyasi zövqlərinə uyğun mövqelərini möhkəmləndirirlər. Belə olan təqdirdə nə sədrlərə alternativ verilir, nə də əks fikirlər söyləmək olur”.
Z. Oruc qeyd edib ki, dəyişiklikləri hesablamadan partiya yaratmaq istiqamətində hər hansı bir iş görülmür. “Mən partiya yaratmaq fikrində deyiləm. Bu, mənim yaşantımdır”.
Aqşin Kərimov