Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb. Proporsional seçki sisteminin isə özəllikləri daha çoxdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Sarıyev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda proporsional seçkiyə birbaşa keçid mümkün deyil. MSK rəsmisinin sözlərinə görə, qanunverici səlahiyyət MSK-nın fəaliyyətindən kənar olduğu üçün proporsional seçki sisteminə keçid Milli Məclisdən asılıdır:
“Hər hansı bir hüquqi normativ akta, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik məsələsini Milli Məclis həyata keçirir. MSK, sadəcə olaraq qanunları icra edən orqandır. Proporsional seçkiyə keçid üçün qanunvericilikdə müəyyən dəyişiklik aparılmalıdır”.
Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, proporsional seçki sisteminə keçid üçün müzakirələr gedir. Onun dediyinə görə, majoritar və proporsional seçki sistemlərinin qarışığına qayıtmaq haqqında da məsələlər gündəmdədir:
“Bu zaman parlament üzvlərinin sayının artırılması ilə bağlı məsələlər də vurğulanır. Lakin istər proporsional, istərsə də qarışıq seçki sisteminə keçməkdən ötrü ilk növbədə Konstitusiyada dəyişikliklər olmalıdır”.
Ə. Nuriyevin fikrincə, bu zaman parlamentli respublikaya keçid də əsas olacaq. Hüquqşünas vurğulayıb ki, Azərbaycanda məsələ ilə bağlı ciddi müzakirələr gedir:
“Belə bir dəyişikliyə Azərbaycan cəmiyyəti hazırdır. Ancaq Azərbaycanın torpaqlarının işğal olunması amili də nəzərə alınmalıdır. Bəzi hallarda parlament respublikasına keçid müəyyən problemlər yarada bilər”.
Ə. Nuriyev proporsional seçki sisteminin üstünlüklərini də sadalayıb: “Bu zaman hökumətin parlamentdə formalaşdırılması daha yaxşı nəticələr verə bilər. Demokratik proseslərin sürətlənməsi ilə yanaşı, siyasi partiya sisteminin formalaşması da güclənəcək. Bununla siyasi rəqabət də təkmilləşəcək”.
Aqşin Kərimov