Modern.az

Rauf Arifoğlu: “Qələndər Muxtarlı Əli Kərimlini seçdi, təşkilatını, silahdaşlarını itirdi”

Rauf Arifoğlu: “Qələndər Muxtarlı Əli Kərimlini seçdi, təşkilatını, silahdaşlarını itirdi”

Təhsil

16 Yanvar 2014, 16:05

“Qələndər Muxtarlıdan bunu gözləmirdim. Onunla normal münasibətlərimiz olub. O, bizim münasibətləri AXCP sədri Əli Kərimliyə dəyişdi. Buna çox təəssüf edirəm. Eyni zamanda o, təşkilatını, dostlarını, silahdaşlarını itirdi. Yəni bu, uğurlu seçim deyildi”.

Bunu Modern.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlının ittihamlarına münasibət bildirərkən deyib.

O, Q.Muxtarlı barəsində pis bir şey danışmaq istəmədiyini qeyd edib: “Münasibətlərimizin bəlkə də min fraqmenti müsbət olub, yalnız hələ ki bir fraqmenti neqativdir. Ona görə onun kəskin, senzuradankənar ifadələrini qaytarıb, təkrar etmək istəmirəm. İndiyə qədər onun təşkilatından “Yeni Müsavat” qəzetinə gələn bəyanatları, töhmətləri çap etməmişəm. Çünki İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunurdu. Özü başlatdı, tək mənə qarşı deyil, bütövlükdə cəmiyyətinə qarşı etdi. Yeni çevrəsi kimi AXCP-ni-Əli Kərimlini seçib. Yəqin ki, o seçimə qarşı olan hər kəsi itirəcək”.

Qeyd edək ki,  Azərbaycan Milliyyətçi Demokrat “Boz Qurd” Partiyası (AMDP) qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olan Səfər Hümbətov “Yeni Müsavat” qəzetinə müsahibəsində partiya sədri Qələndər Muxtarlını sərt ittiham edib. S. Hümbətov Q. Muxtarlının AXCP sədri Əli Kərimlinin vəkili kimi çıxış etdiyini deyib. Qələndər Muxtarlı da Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru R. Arifoğlunu ittiham edib: “Onlar indi birisinin təmiz adından qorxurlar. Hətta hökumət onun təmiz adına dözür, Rauf kimiləri dözə bilmir. O, hamını çirkabın içinə batırmaq istəyir. Ona görə də mənim partiyadaşımı gətirib, əleyhimə ifadə verdirib, böhtan atdırıb. Görün, Rauf Arifoğlunun  necə “qüdrətli əli” var ki, partiyadaşımı mənə qarşı çıxarıb”.

İlkin PİRƏLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB