Modern.az

Əsgər ölümləri - “Hərbi həkim komissiyalarından imtina etmək lazımdır” - DEPUTAT

Əsgər ölümləri - “Hərbi həkim komissiyalarından imtina etmək lazımdır” - DEPUTAT

Təhsil

16 Yanvar 2014, 16:29

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduda bir sıra kadr islahatı aparsa da, əsgər ölümləri hələ də səngimir. Keçmiş müdafiə naziri Səfər Əbiyev məhz əsgər ölümü faktlarına görə ictimai qınağa tuş gəlmişdi. Z. Həsənovun problemin öhdəsindən qismən gələcəyi gözlənilsə də, statistik rəqəmlər ötən ilkinə nisbətən elə də ürəkaçan deyil.
Ancaq yeni nazirin müsbət addımları heç də əsgərlərin dünyasını dəyişməsinə əngəl ola bilmədi. Artıq bir neçə gündür ard-arda ordu sıralarından (əsasən Milli Ordu) gələn ölüm xəbərləri cəmiyyəti bir az da narahat edir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc ordudakı problemlərin səbəbi ilə bağlı Modern.az-a danışıb. Z. Həsənovun fəaliyyəti barədə müsbət fikirlərini söyləyən Z. Orucun sözlərinə görə, yeni müdafiə naziri kimi peşəkar şəxsin həyata keçirdiyi islahatlar düzgün addımdır. Komitə üzvü bildirib ki, qarşıdakı dövrdə müdafiə naziri özünü tam doğruldacaq. “O, ölkə başçısının etimadını doğrultmaq üçün geniş bir fəaliyyət ortaya qoymağa çalışır”.

Milli Məclis üzvü deyib ki, hər hansı bir səbəbdən əsgər ölümlərinin baş verməsi cəmiyyətdə şok effekti yaradır və ictimaiyyəti təəssüfləndirir. Z. Oruc problemlərdən çıxış yollarını da sadalayıb: “İlk növbədə hərbi çağırış sistemi təkmilləşməlidir. Əgər çoxminlik ordu sisteminə üstünlük veririksə, bu halda bizim süzgəcimiz şəffaf olmalıdır. Buradan yalnız ən sağlam insanlar hərbi xidmətə yollanmalıdırlar. Bunun üçün isə “Hərbi xidmət haqqında” qanunun müddəalarına əməl etmək lazımdır. Şəxsin hər hansı səviyyədə səhhəti ilə bağlı problemləri yeniyetməlik dövründə olursa, bu mütləq aradan qaldırılmalıdır. Söhbət təkcə hərbi qeydiyyata alınmaqdan getmir. Hesab edirəm ki, daha erkən vaxtlarda səhhətlə bağlı problemlər diqqətdə saxlanılmalıdır. Sovet dövründən mövcud olan komissarlıqların yanındakı həkim tibb komissiyaları heç bir halda günün tələblərinə cavab vermir. Bu komissiyalar çərçivəsində şəxsin çağırışını həyata keçirmək çox qüsurlu bir təcrübədir və bundan tamamilə imtina etmək lazımdır. Yerli icra orqanlarının qərarı ilə formalaşan həmin komissiyalar çağırışçılara “gedin müxtəlif xəstəxanalardan sağlamlıq vəziyyəti haqqında arayış alın” kimi tələb səviyyəsində bir praktikaya sahibdirlər”.

Onun dediyinə görə, çağırışçılar düzgün rəy verilməyən sənədləri komissiyaya təqdim edirlər. O vurğulayıb ki, həmin çağırışçılar ordu sıralarında olduğu zamanlarda çox ciddi sağlamlıq problemləri yaşayır: “Buna görə də çağırışdan qabaq müayinədən keçmək üçün hərbi klinika və poliklinikalar  yaradılmalıdır. Bundan başaq mövcud olan diaqnostik mərkəzlərə müvafiq səlahiyyətlər verilməlidir. Hərbi hissələrdə psixoloqların olması çox önəmlidir. Digər tərəfdən orta məktəbdə hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi amili də nəzərə alınmalıdır. Nəticədə biz sağlam şəxslərin xidmət etdiyi orduya sahiblənə bilərik”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB