Modern.az

Xalidə Xalid, Fərid Hüseyn və Şəhriyar Hacıyev İrana getməklə bağlı qərarlarını açıqladılar

Xalidə Xalid, Fərid Hüseyn və Şəhriyar Hacıyev İrana getməklə bağlı qərarlarını açıqladılar

Mədəniyyət

16 Yanvar 2014, 17:18

Yaxın keçmişdə Azərbaycanın üç ədəbiyyat adamının İranda həbsdə saxlanılması yəqin ki, yaddan çıxmayıb. 2012-ci ilin mayın 2-də iki gənc şairimiz - Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) İranda həbs olundu. Üç ay müddətində həbsdə qalan gənclər ora ədəbi müsabiqədə iştirak üçün getsələr də, İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdılar. Gənc şairlər yalnız Azərbaycan dövlətinin məsələyə  müdaxiləsindən sonra azad olundular.

Ötən ilin 30 aprelində isə AMEA Nizami adına Ədəbiyyat İnsitutunun əməkdaşı, Güney ədəbiyyatı və Şəhriyar üzrə araşdırmaçı Xalidə Xalid də İranda həbs olundu. Xalidə xanım ötən ilin iyun ayında azad edildi. Maraqlıdır, İranda həbs olunanlar bundan sonra nə vaxtsa İrana gedəcəklərmi?

Xalidə Xalid Güney Azərbaycanla ilgili elmi araşdırmalarının çox olduğunu desə də, bir daha İrana getməyəcəyini vurğulayıb: “Hamıya məlumdur ki, mən oraya Şəhriyarla bağlı getmişdim və ora getməyimin əsas məqsədi elmi araşdırmalarım idi. Sadəcə, elmi araşdırmalarımın kənarda qalmağı, İran dövlətinin bir başqa gözlə məni həbs etdirməsindən çox üzüldüm. Bu, tək məni yox, bütün millətimi, dövlətimi üzdü. Güney Azərbayacanla, Şəhriyarla bağlı apardığım araşdırmalar təbii ki, bitib tükənən deyil. Amma mənə elə gəlir ki, içimdə olan o sınıqlıq ki, var, məni ora getməyə qoymayacaq. Mənə ora getməyə qadağa qoyulmayıb, sərbəst gedə bilərəm. Amma çox incimişəm, çox küsmüşəm ordan. Bir daha ora getmək fikrim yoxdu. Düzdür, əvvəllər düşünürdüm ki, orda mənə qadağa qoyulmayıb. Ona görə də araşdırmaları davam etdirmək olar. Amma o tərəfə getmək planımda yoxdur. Məni düzgün başa düşün. Bu qorxaqlıqdan irəli gəlmir. Sadəcə, başıma gələn hadisələr qohumlarımın, tanışlarımın, xalqımın yaşadıqları nigarançılıq məndə o qədər yuva salıb ki, hələ də onları həzm edə bilmirəm. Yenidən ora gedib araşdırma aparmaq fikrim yoxdu”.

Şairlərdən Fərid Hüseyin deyir ki, bu mövzuda “Qandalı görməsin” adlı kitab yazıb: “Orada hər şey əks olunub. Bu haqda daha danışmaq istəmirəm".
Qeyd edək ki, Fəridin adı çəkilən kitabı İrandakı həbsxana xatirələrindən bəhs edir. Bu kitabda qeyd edilənlərdən anlaşılır ki, Fərid Hüseyn bir daha İran ərazisinə ayaq basmayacaq.

Şəhriyar Hacıyev isə nə vaxtsa Cənubi Azərbaycana gedəcəyini istisna etmir. Hər şeyi zamanın axarına buraxır: “Vaxtilə düşünürdüm getmərəm. Zaman dəyişir axı. Yəqin haçansa gedəcəyəm. Amma dəvət-filan yox, gərək özüm istəyəm”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi