Modern.az

AMEA-nın institut rəhbərləri alimlərin etirazından DANIŞDILAR: “Akademiya həbsxana deyil”

AMEA-nın institut rəhbərləri alimlərin etirazından DANIŞDILAR: “Akademiya həbsxana deyil”

Təhsil

16 Yanvar 2014, 17:41

Azərbaycan Milli Elmlər Akademiyasında ötən ilin noyabrından tətbiq olunan kart sistemi davamiyyət və daxili intizamı gücləndirməyə yönəlsə də, alimlər girişdə qoyulan “turniket”dən çox narazıdırlar. Belə ki, bu sistemdən sonra işçilərin işəgəlmə və getmə vaxtları tam olaraq nəzarət altına götürülür. Cüzi əmək haqqı səbəbindən alternativ işlərdə çalışan alimə isə bu təbii ki, sərf etmir. Çünki onun onsuz da az olan əmək haqqı  gecikdiyi və işə gəlmədiyi hallarında tutulur.

Həqiqətənmi, “turniket”ə keçiddən sonra intizam və davamiyyət yaxşılaşıb?

Modern.az-a danışan Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmlər doktoru Paşa Əlioğlu bu sistemdən razılığını dilə gətirib: “Akademiya həbsxana deyil. Amma “turniket”in əmək intizamına xeyri var. Məsuliyyət artıb. İşə davamiyyət məsələsi hazırda AMEA bölmə rəhbərliyinin nəzərindədir. Bu sahədə işçilər üçün yumşaqlıq yaratmaq naminə Akademiya rəhbərliyinə müraciət olunacaq. İşçi xəstələnə də bilər, işi də çıxa bilər. Bu haqda ya məlumat verir, ya da ərizə ilə müraciət edir”.

Neft və Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov: ““Turniket” davamiyyət və təhlükəsizlik üçün çox lazımdır. Çünki bəzən elə olur ki, gəlirlər, lazımsız yerə rəhbərliyin vaxtını da alırlar. Bütün dünyada qəbul olunmuş normativ var. Telefon və digər texnoloji vasitələrlə vaxt təyin olunur və sonradan həmin vaxtda işlər həll olunur. Əslində “turniket” bir neçə məqamı əks etdirir. Bir şey də var ki, alim əgər kitabxanaya, arxivə hər hansı bir elmi fəaliyyət arxasıyca gedərsə, ərizə ilə müraciət edib gedə bilər. Burda elə bir qəbahət yoxdur. İki-üç yerdə işləyən müəllimlər isə qabaqcadan Akademiya rəhbərliyindən icazə almalıdır. Kim gizlin gedirsə, o başqa məsələ. Neft Akademiyasında müştərək bazamız var. Əməkdaşlarımız gedib orda çalışır və orda yetişir. Özümüz təhsillə elmin inteqrasiyasını yaratmaq üçün bu işi gördük. Bu məqamda mən institutun direktoru olaraq niyə qadağa qoyum!? Amma əməkdaşımız rəhbərliyin xəbəri olmadan gedib başqa yerdə işləyirsə, bu təbii ki, narahatlıq yaradan şeydir”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB