Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı i.ləri həyata keçirməlidir:
- aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görsün, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilini təmin etsin;
- İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görsün;
- Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etsin və görülən işlər barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görsün, qaynar xəttin yaradılmasını təmin etsin və görülən işlər barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb:
- Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı vəziyyəti təhlil etsin, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görsün və nəticəsi barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirsin, nəticəsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
- Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
- Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı uçotunun, ərzaq təhlükəsizliyi statistikasının və ərzaq bazarında qiymətlərin müayinəsinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabineti isə aşağı tədbirləri görməlidir:
- beynəlxalq təcrübəni nəzərə almaqla, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsinə, bu sahədə paralelliyin aradan qaldırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- yaradılacaq özəl “fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzləri üçün müvafiq yer və ərazilərin ayrılmasına və onun şərtlərinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu sərəncamın icrasına nəzarəti təmin etsin və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.