Azərbaycanın dəyərli ziyalısı, taixçi alim Süleyman Əliyarlı vəfat edib. Modern.az saytının xəbərinə görə, bu barədə millət vəkili Fazil Musatafa məlumat verib.
”Ötən ay da həyat yoldaşı Mira xanım Allahın rəhmətinə qovuşmuşdu. Hər ikisinə Allahdan rəhmət diləyirəm”-deyə F.Musatafa alimin yaxınlarına başsağlığı verib.
Modern.az-ın məlumatına görə, Süleyman Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda 5 il çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilən Süleyman Əliyarlı bu günə qədər həmin kafedrada çalışmaqdaydı.
O, 1978-ci ilin mayından 2001-ci ilin iyulunadək, yəni 23 il həmin kafedraya başçılıq edib. Elmi işini hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu ildə Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazan S.Əliyarlı nəticədə Azərbaycan Kommunist Partiyasının təqiblərinə məruz qalıb. 1983-84-cü illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap edib, Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşib.
1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq edib. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub. 1990-cu ildə Azərbaycanın Əməkdar Elm Xadimi adına layiq görülüb.
2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri idi.
150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan S.Əliyarlı 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.
Allah rəhmət eləsin
A.Qorxmaz