“Sözün geniş mənasında Azərbaycanda siyasi məhbus kateqoriyasına daxil ola biləcək insanları tapmaq çətindir. Sadəcə olaraq məhkəmə prosedurları üzrə hüquqa uyğun cəzalar almayan insanların həbsxanada olması problemi mövcuddur”.
Bunu Modern.az-a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, dünyada Azərbaycanla bağlı siyasi məhbus anlayışının yaranmasında bəzi məmurların ifrat mövqeyindən irəli gəlir.
Deputat bildirib ki, Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqlıya altı ilə həbs verilməsi düzgün deyil.
“Beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbus anlayışı il bağlı mövqelərinə rəvac verən özümüzük. Azərbaycan hakimiyyətində olan bəzi məmurların iqtidara sədaqət göstərmələri üçün təqsirsiz insanları həbs etdirməsi nəticəsində beynəlxalq qurumlar siyasi məhbus anlayışını Azərbaycana da aid edirlər. Hakimiyyət üçün təhlükə törətməyən insanları xaricdə siyasi məhbus imtiyazı ilə tanıdaraq ölkədə demokratiyanın vəziyyəti ilə bağlı müəyyən neqativ fikirlərin formalaşmasına səbəb oluruq”.
Deputat vəziyyətdən çıxış yolunu da göstərib. F. Mustafa bildirib ki, problemin həlli siyasi partiyalarla dialoq mühitinin yaradılmasıdır. AŞPA-nın siyasi məhbusla bağlı tərəfli mövqeyinin olduğunu da diqqətə çatdıran Milli Məclis üzvü söyləyib ki, sözügedən qurum Azərbaycanın üzərinə daha çox yüklənir.
Aqşin Kərimov