Bir neçə gün əvvəl Müdafiə Nazirliyi əsgərliyə aparılan gənc çağırışçıların təkrar tibbi yoxlanışdan keçiriləcəyini bəyan etmişdi. Təkrar yoxlamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyi arasında narazılıqla əlaqələndirənlər bu addımın vacibliyini vurqulayaraq, onu müsbət qiymətləndirdidilər.
“Yeni Müsavat” qəzeti məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə sorğu göndərib.
Nazirliyin mətbuat xidmətinin rəsisi Vaqif Dərğahlı sorğuya cavab olaraq aşağıdakıları bildirib:
- Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir.
Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.
Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib.
Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır.
Modern.az