“Təkliflərim sessiyada nəzərə alınıb. Struktur islahatları ilə bağlı irəliyə addımlar atıldı. Prosesin gedişini izləyəcəyik. Səylər göstərilsə, uğurlu nəticə olacaq”.
Bunu Modern.az-a Milli Şuranın üzvü, Azad Demokrat Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib. O, Milli Şuranın Koordinasiya Şurasının tərkibindən şikayətlənib: “Koordinasiya Şurasının bu sayda olmasını effektiv hesab etmirəm. Bununla bağlı sessiyada da fikrimi bildirdim. Koordinasiya Şurasındakı şəxslərin az olması daha yaxşı olardı. Çünki 7-9 nəfərdən artıq bir qurumun effektiv çalışması, müzakirələr aparması, birgə qərarlar qəbul etməsi çox çətindir. Bunu biz uzunmüddətli siyasi təcrübəmizdən də görmüşük”.
S.Əkbər qeyd edib ki, Milli Şura ilə bağlı tərəddüdləri davam edir: “Yeni situasiyaya uyğun təkliflərimizi verəcəyik. Milli Şura ilə bağlı tərəddüdlərimiz başa çatmayıb. Qurumda islahat prosesi başa çatandan sonra vəziyyəti yenidən dəyərləndirəcəyik”.
Qeyd edək ki, Milli Şuranın yanvarın 16-da keçirilən sessiyasında Koordinasiya Şurasının tərkibi səsvermə yolu təsdiqlənib. Şura üzvlərinin 20-si Koordinasiya Şurasında təmsil olunur.
İlkin