Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Misir Mərdanov qeyd edib ki, ənənəvi seminarların keçirilməsi Azərbaycanda riyaziyyat elminin inkişafına dəstək məqsədi daşıyır, seminarda gənc alimlərin iştirakına geniş yer verilməyib.
***
AMEA-nın Riyaziyyat və Mexanika institutunda 20 Yanvar şəhidlərinin və şəhid olmuş institutun aspirantı Yusif Sadıqovun xatirəsi də yad edilib.
Misir Mərdanov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına qazandığımız azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləyib. O, informasiya savaşında qalib gəlməyimiz üçün gənclərimizin həqiqətləri doğru-düzgün bilmələrinin və sosial şəbəkələrdə bu məlumatları yerləşdirmələrinin vacibliyini vurğulayıb.
Tədbiri Yusif Sadıqovun bacısı filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova davam etdirərək, qardaşı barəsində yadda qalan hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun riyaziyyat elminə, poeziyaya marağı olduğunu söyləyib.
Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənov 20 Yanvar gecəsinin ağır nəticələrindən söz açıb.
“O vaxt 1 saylı Şəhər kliniki Xəstəxanasında meyit növbəsinə dayanmışdıq. Bu çox çətin və ağrıdıcı hal olsa da, biz morqa girib-çıxandan sonra sevinirdik. Bəzilərimiz meyiti tapdığımıza görə, bəzilərimiz isə tapmayıb yaşadığını düşündüyümüzə görə. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq günüdür”.
Yusif Sadıqov 26 yaşında şəhid olub. Valideynləri onun cəsədini axtarsalar da, tapa bilməyib, yalnız qolunu tapdıqdan sonra şəhid olduğu dəqiqləşib.