Modern.az

Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər planı açıqlandı

Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər planı açıqlandı

17 Yanvar 2014, 16:04


Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı açıqlanıb.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

Tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə. Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransının keçirilməsi, M.Ə. Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, Professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə. Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə. Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə. Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə. Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB