Modern.az

Türkiyənin keçmiş naziri Modern.az-a danışdı: “Ankaranın diplomatik fəaliyyətində nöqsanlar var”

Türkiyənin keçmiş naziri Modern.az-a danışdı: “Ankaranın diplomatik fəaliyyətində nöqsanlar var”

17 Yanvar 2014, 16:56

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə  qondarma erməni “soyqırımı”nın 100 illiyinin keçirilməsi zamanı mümkün təxribatların qarşısını almağa çağırıb. O, Türkiyənin xarici ölkələrdəki səfirlərini erməni təbliğatının qarşısını almaq barədə ciddi tapşırıqlar verib. Buna baxmayaraq, ABŞ-ın Kaliforniya ştatının parlamenti qondarma soyqırımla bağlı məsələlərin tədris proqramına daxil edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. “Soyqırım” iddiaları ilə əvvəldən qərəzli mövqe tutan Qərb dairələrinə erməni lobbisinin təsirinin bundan sonra daha da güclənəcəyi gözlənilir.

Məsələ barədə Modern.az saytına danışan Türkiyənin hakim Ədalət Və inkişaf Partiyasının (AKP) keçmiş üzvü, sabiq mədəniyyət və turizm naziri, parlamentin bitərəf deputatı Ərtoğrul Günay bildirib ki, Qərb dünyası həmişə erməni yalanları ilə bağlı qərəzli mövqedən çıxış edir: “Erməni lobbisi bu mövzuda indiyə qədər daha çox təsir imkanlarına malik oldu. 1915-ci il Birinci dünya müharibəsi zamanı bəzi xoşagəlməz hadisələr yaşana bilər. Amma bunu bir xalqa qarşı soyqırımı olaraq dəyərləndirmək doğru deyil”.

Ə. Günay vurğulayıb ki, Türkiyə dəfələrlə arxiv materiallarını üzə çıxarmağı təklif etsə də, erməni lobbisi və Qərb dairələri bundan narahat olublar: “2015-ci ildə erməni lobbisi daha aktiv fəaliyyət göstərəcək. Türkiyənin xaricdə təbliğatını aparan təhsil qurumları var idi. Ancaq Türkiyə hökuməti onların fəaliyyətinə əngəl yaradır. Güman edirəm ki, bunun zərərlərini görməyəcəyik”.

Türkiyəli parlamentar onu da qeyd edib ki, rəsmi Ankaranın məsələ ilə bağlı diplomatik fəaliyyətində nöqsanlar mövcuddur: “Ancaq Türkiyə geri çəkilməməli, bütün qüvvələrini səfərbər etməlidir. Türkiyə daxili qalmaqalları bir yana buraxaraq, xaricdə erməni lobbisinin fəaliyyətini sarsıda biləcək bir mövqe ortaya qoymalıdır”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB