Yanvarın 17-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2013-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Modern.az xəbər verir ki, müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ötən il ərzində prokurorluqda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanıb. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə hayata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Belə ki, Xətai rayonunda Hindistan Respublikası vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə Respublikasının vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunub. Müşavirədə bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1436 vətəndaşın qəbulu təşkil edilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının artması, 4 qəsdən adam öldürmə, 19 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.