Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev təmsil etdiyi qurumun demokratik ənənələrə sadiq qalaraq hər il geniş ictimaiyyət qarşısında hesabatla çıxış etməsinin şəffaflığın artırılmasına xidmət etdiyini deyərək bunun həm də bütün QHT-lərə nümunə olduğunu bildirib. Şuranın 2013-cü ildəki fəaliyyətinin çox məhsuldar olduğunu bildirən Azay Quliyev ötən il bir sıra istiqamətlər üzrə əhəmiyyətli uğurların əldə olunduğunu deyib:
“Məlum olduğu kimi ötən il noyabrın 23-də Şuranın bilavasitə iştirakı ilə hazırlanan “İctimai iştirakçılıq haqqında” qanun Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Dünən isə cənab prezident İlham Əliyev bu qanunun tətbiqi haqqında fərman imzalayıb. Ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaradan bu qanunun icrası ilə bağlı verdiyi fərmana görə cənab prezidentə təşəkkür edirik. Bu Şuranın, bütövlükdə cəmiyyətimizin böyük uğurudur”.
2013-cü ilin ölkədə İKT ili olduğunu qeyd edən A.Quliyev Şuranın QHT-lərlə əlaqələrinin tamlıqla elektron formaya keçdiyini və bunun şəffaflığın artırılmasına mühüm töhfə olduğunu söyləyib. A. Quliyev ötən il QHT-lərin təqdim etdikləri hesabat sənədlərinin sayının 9-dan 2-yə endirilməsinin onlar üçün daha asan və rahat fəaliyyət imkanı yaratdığını vurğulayıb.
2013-cü ildə QHT-lərin dövlət büdcəsindən maksimum dərəcədə yararlanması təmin edilərək 503 təşkilatın layihəsinin dəstəkləndiyini bildirib. Azay Quliyev prezident İlham Əliyevin 2013-cü ildə Şuraya xarici QHT-lərin maliyələşdirilməsi ilə bağlı səlahiyyət verilməsi haqqında sərəncamının Azərbaycanın maraqlarının vətəndaş cəmiyyətinin yaxından iştirakı ilə dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bu istiqamət üzrə 90 müraciətin daxil olduğunu, onlardan 30 xarici QHT-nin layihəsinin maliyələşdirilməsi haqqında qərar qəbul edildiyini qeyd edib.
A.Quliyev 2013-cü ildə Şuranın beynəlxalq əlaqələrinin də inkişaf etdirilməsi sahəsində bir sıra önəmli addımların atıldığını, o cümlədən Rusiya İctimai Palatası və ABŞ İnkişaf Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalandığını qeyd edib.
Konfransda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2013-cü ildəki fəaliyyətinin müxtəlif sahələri haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.
QHT rəhbərləri Rauf Zeyni, Əkrəm Baydəmirli, Vüsalə Hüseynli, Akif Nağı, Ülkər Abdullayeva, İradə Yaqubova, Cavid Kərimov, Roza Əliqızı, Gülsel Səfərova, Mahirə Əmirhüseynova, Radə Abbas, Telman Zeynalov və başqaları Şuranın hesabat məruzəsini və fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirərək müxtəlif təkliflərlə çıxış ediblər.
Modern.az