Modern.az

“Ağdərədə çox dəhşətli vəziyyət yaranmışdı, yaralılara vurmağa qan yox idi” - Keçmiş döyüşçü xanım

“Ağdərədə çox dəhşətli vəziyyət yaranmışdı, yaralılara vurmağa qan yox idi” - Keçmiş döyüşçü xanım

18 Yanvar 2014, 11:04

Radə Abbas: “Hamilə qadın qapının ağzında durub can üstə olan ərindən xoş xəbər gözləyirdi”

Modern.az saytı keçmiş döyüşçülərlə silsilə söhbətlərin təqdimatını davam etdirir...
Bu dəfə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas Qarabağ müharibəsi zamanı keçirdiyi ağır günləri bizimlə bölüşüb.

Radə xanımın 11 yaşında bir oğlu var. Söhbətimizin əvvəlində oğlu ilə bağlı danışan xanım onun da vətənpərvər ruhda böyüdüyünü, hətta  söhbətlərindən də danışdı: “Mən ona deyəndə ki, səni əsgərliyə aparmayacaqlar, deyir, ana, mən əsgər gedəcəm  və o zaman vay ermənilərin halına.... Bu gün mən sevinirəm ki, övladım hələ kiçik yaşından belə düşüncədədir. Onun körpə yaşda belə düşüncəsinə heyran oluram”. 

- Radə xanım, müharibəyə getmək qərarına necə gəldiniz?   

- Mən müharibədən daha əvvəlləri xatırlamaq istəyirəm. 1988-ci ildə ermənilər Qarabağı Ermənistana birləşdimək haqqında ilk mitinqləri başlayanda Topxana meşəsində sərvətlərimizin ermənilərin taladığına dözməyən bizlər meydana çıxdıq. 20 Yanvar hadisələri və başqa dəhşətlərlə biz üz-üzə qaldıq. Rəhmətlik akademik Nurəddin Rzayev və xalq şairimiz Bəxtiyar Vahabzadəyə mən ömür boyu rəhmət oxuyacam.  Əgər mən bu gün həyatdayamsa, buna görə onlara borcluyam. 20 yanvar faciəsindən sonra hadisələr daha da qızışdı. Biz də müstəqilliyimizi élan elədik. Müstəqillik élan olunanda bizə də ordu lazım idi. İlk ordumuz 1991-ci ilin noyabrında yarandı. Səfərbərlik élan olundu. Mən o vaxtlar akademik Mustafa Topçubaşov adına İnstitutun cərrahiyə bloqunun təcili təxirəsalınmaz şöbəsinin tibb bacısı idim. Bir gün dedilər ki, baş həkim səni çağırır. Tez getdim. Baş həkim Ağdam qospitalına getdiyini və orada təcrübəli tibb bacısına ehtiyac olduğunu söylədi. Necə gedə biləcyimi soruşdum. Onun tapşırığı Müdafiə Nazirliyinə getdim. Onu da deyim ki, o vaxtlar nazirliyin tibb idarəsinin cəmi 4 nəfər əməkdaşı var idi. Bütün ağırlıq 4 nəfərin üzərinə düşürdü. O zaman Yusif  Mirzəyevə dedim ki, müharibəyə getmək istəyirəm. Saata baxıb dedi ki, gecdir, bu gün get sabah gələrsən. Amma o gördü ki, mən evdən əşyalarımı götürüb çıxmışam. Dedim ki, getmirəm, sizin otağınızda yataram, sabah tezdən gəlib göndərərsiniz. Sabah açıldı…Yusif müəllim gəlib Qarabağa gedəcək maşın axtardı. Nəhayət, Kəlbəcər rayon rəhbərlərindən birinin maşını ilə Ağdama getdim. O vaxt bizim qospital Ağdamda dəmir yolunun üzərindəki vaqonlarda yerləşirdi. Biz iki ay sanitar vaqonlarda fəaliyyət göstərmişik. Vaqonların tez-tez yeri dəyişdirilirdi ki, düşmənin hədəfinə çevrilməsin. Sonra qospital Ağdam rayonunun Mahrızlı kəndinə köçürüldü. Rahib Məmmədovun adını daşıyan məktəb bizim yataq yerimiz oldu. Ora çox balaca idi, yaralılar çox olurdu. Amma may, iyun aylarında ordumuz çox gözəl döyüşürdü. Xainlər hələ torpaqlarımıza ayaq açmamışdı. O zaman qalibiyyət vardı deyə, heç yatmaq da yada düşmürdü. Elə bil Allah bizə ruh yüksəkliyi vermişdi. Təsəvvür edin ki, o vaxtlar təcili yardım yox idi, yaralıları yük maşınları ilə gətiridilər. Elə olurdu ki, yolda çoxu qanaxmadan ölürdü. Amma çox cəld işləyirdik, çalışırdıq ki, itki minimum olsun.

- Ailənizə necə xəbər verdiniz?

- Övladı olmadığına görə Bakıda əmimlə yaşayırdım. Evə gəlib ona bir həftəlik yemək hazırladım. Paltarlarımı yığdım, səhər işə gəlmək adı ilə evdən çıxdım. Nə ailəmə, nə də əmimə bununla bağlı heç nə demədim. Bilirdim, xəbər tutsalar getmə deyəcəklər, sözlərini nəzərə almayıb getsəm, hörmətsizlik olacaq. 1988-ci ildə Ermənistanın Qafan şəhərindən insanları qovub çıxardanda, onların başına çox pis hadisələr gəlmişdi. Bu hadisələrə görə anam infarkt keçirmişdi. Bunları nəzərə alaraq onlara heç nə deməməyə qərar vermişdim. Vətənpərvərlik hissi ailədən gələn bir şey idi. Ailəmin etiraz edəcəyini bilsəydim, müharibəyə getməzdim. Amma bilirdim ki, ailəmin hər bir üzvü bu vətən üçün canından keçməyə hazırdır. Bunu nəzərə alıb rahatca cəbhəyə getdim. Hətta o zaman müharibəyə gedəndə əmim yoxa çıxmağımdan narahat olub. İki gün sonra özüm zəng vurub əmimə Ağdamda, müharibə zonasında olduğumu xəbər verəndə, təəccüblənib soruşdu ki, sənin orda nə işin var? Amma necə deyərlər, artıq iş-işdən keçmişdi. Əmim bir neçə gün sonra dostları ilə birlikdə yardım toplayıb yanıma gəlmişdi. Müharibəyə gedəndə 30 yaşım vardı. Mənim üçün vətənin azadlığı hər şeydən vacib idi.

- Ətrafınızda olan yaxınlarınız sizin müharibəyə getməyinizi necə qarşıladılar?

- Mənim üçün kiminsə fikirləri o qədər də əhəmiyytəli deyildi. Əslində, məni qınayan da olmadı. O vaxtkı cəbhəçi uşaqlar Qarabağ üçün hər şeyi etməyə hazır idilər. Ona görə də mənim belə hərəkətim kimsə tərəfindən pis qarşılana bilməzdi. Bizə ayda iki dəfə yardım göndərilirdi. Sumqayıtdakı Tibb Texnikumunun direktoru dərs ilinin başlanması münasibətilə uşaqları akt zalına toplayıb, tanışlıq ərəfəsində deyib ki, Ağdamdaki döyüş bölgəsində tibb bacısına ehtiyac var, kim getmək istəyir. Təsəvvür edin, ordan direktor bizə zəng vurub dedi ki, 3 avtobus tibb bacısı gəlir. Biz dəhşətə gəlmişdik. Onların qarşısını heç kim ala bilməzdi. O vaxtki gənclərdə vətənpərvərlik hissləri daha güclü idi, ölümdən qorxmurdular, Qarabağın azad olunması üçün canlarını belə qurban verməyə hazır idilər.

- Radə xanım, bu gün də xatırladığınız zaman sizə təsir edən dəhşətli hadisələrlə bağlı nələri danışa bilərsiniz?

- O vaxt heç nədən qorxmurdum. Amma indi o illəri xatırlayanda görürəm ki, qorxmaq lazım imiş. Bəlkə o hadisələr indi yaşansaydı, dözə bilməzdim. Amma elə hadisələr olub ki, hələ də onları unuda bilmirəm. Həyətə düşən mərmilərdən çilik-çilk olan şüşə səsləri hələ də qulaqlarımdan getmir. İnsanlar elə vəziyyətdə gətirilirdi ki, iki əlini, qolunu, gözünü mərmi aparırdı. Amma biz bütün bunlara baxmayaraq, onların sağ qalması üçün əlimizdən gələni edirdik. Yadımdadır , bir oğlan gətirlimişdi, evdə yatdığı yerdə mərmi düşmüşdü, iki ayağını itirmişdi. Biz o insanı yaşatdıq, sonra ailə də qurdu. İndi üç övladı var. Eldənizin bizim qospitala gətirilərkən yalvarış dolu sözləri gözümün önündən getmir. Əlimi alnına qoydum, elə bil buz kəsmişdi. Əlimin isitisindən sanki canına istilik gəldi. Gözünü açıb baxdı, ilk sözü “məni ölməyə qoyma” oldu. Biz onu yaşatdıq. Onu da deyim ki, orda döyüşənlərin böyük əksəriyyəti yerli əhali idi. Bəzən qapının ağzında dayanan hamilə qadın içəridə can üstə olan həyat yoldaşından ona verəcəyimiz xəbəri gözləyirdi. Əgər ürəyin gəlirsə, çıx, o insana acı xəbəri ver. Təbii ki, bunu deməyə heç birimizin cəsarəti çatmırdı. Ümidlə oğlunun yaşaması xəbərini gözləyən analara dəhşətli xəbəri verməyə kimin ürəyi dözərdi?  Bir nəfər vardı, öləndən 3 gün sonra körpəsi dünyaya gəldi. Yeddi saatlıq əməliyyat müddətində onun xanımı qapının ağzında durub, verəcəyimiz xəbəri gözlədi, amma təəssüf  ki, biz ona arzuladığı xoş xəbəri verə bilmədik. Salyandan Rasim adlı bir oğlan vardı. O da ayağının birini itirimişdi. Həkimlər onun ayağını kəsmişdilər, heç kim cəsarət edib ona bu xəbəri verə bilməmişdi. Baş həkim ona dedi ki, Rasım, bilirsən, ayağının birini mina aparıb. Bir-iki dəqiqə səssiz dayanıb dedi:  “Canım Azərbaycan, mən sənə canımı qurban demişdim, bir ayaq nədir ki?”  O zamanlar belə ruhda gənclər var idi…

Sonra Ağdərəyə getməli oldum. Orada çox dəhşətli vəziyyət yaranmışdı. Yaralılara vurmağa qan belə yox idi. Əlbəttə, bütün bu yaşananlara dözmək çox çətin idi.

Bəzən elə olurdu ki, 17 saat əməlliyyatda olururdum. Bir dəfə mənə deyildi ki, siz 34 saatdı əməliyyatdasınız. Bir qurtum su belə içmədən orda olmuşdum. UNİCEF-in həkimləri buna inanmamışdılar, deyirdilər ki, bu “Ginnesin rekordlar kitabı”na düşəcək bir rəqəmdir. Bu qədər ayaq üstə dayanmaq olarmı?


- Kişilərlə bir yerdə müharibədə olmaq çətin deyildi ki?

- O vaxtlar tamanilə başqa mühit idi. Müharibə yoldaşına olan hissin, düşüncən, sevgin heç nə ilə üst-üst düşmür. Kimlərsə nəsə danışa bilər, amma mən orda kənar adam görmədim. Kişilərlə bir yerdə olmağın çətinliyini də yaşamadım, əksinə baş həkim bizi soyuğa çıxmağımıza icazə vermirdi. Əməliyyatda istifadə olunan nə vardısa, kişilər təmizləyirdilər. Baş həkim kişiləri başına toplayıb, deyirdi ki, gəlin yaralıların qanını biz təmizləyək, qadınlarımız daha çox əziyyət çəkməsinlər. Bu gün də bir-birimizlə münasibətlərimiz var. Biz əlaqələri itirməmişik və bu itiriləcək əlaqə də deyil. Ölümü bir damın altında gözləyən, ümumi qabdan yemək yeyən, o əzabları bir yerdə çəkən bizlər bir-birimizi necə unuda bilərik?

- Geriyə dönüb baxdığınızda, necə düşünürsünüz, sizcə müharibə həyatınızdan nələri alıb və nələri qazanmısınız?

- İtirdiyim illərim oldu, gec ailə qurdum. Qazancıma gəldikdə, bunu saatlarla danışsam vaxt çatmaz. Vətənimə xidmət etdim və öz borcumu yerinə yetirdim.  Bu gün başım ucadı. Övladıma, qonşuma və yaxınlarıma deyə biləcək sözüm var. Valideynlərimin də başı ucadır ki, onların üç övladı müharibədə olub. Hər birimiz hər dəqiqiə ölə bilərdik. Başımıza elə hadisələr gələrdi ki, biz şikəst də ola bilərdik. Amma şükürlər olsun, sağ qaldıq.

- Radə xanım, müharibə başlasa, yenə də heç nəyi düşünmədəın gedərdinizmi?

- Müharibə olsa, gənclərdən öncə biz getməliyik. Çünki bizim təcrübəmiz var. Bilirsinizmi, o vaxtlar müharibədə yaşanan ən ağır şey nə idi? Subay oğlanlar müharibəyə getdi, onların arxasında heç kim qalmadı. Bu, həm də Azərbaycanın genefonduna bir zərbədir. Evli biri müharibəyə gedirsə və əgər onun başına bir iş gəlirsə, ən azı onun arxada qoyub getdiyi övladı, nəslin davamçısı var. Təcrübəli insanlar öndə olmalıdlır, əgər onlar öndədirlərsə, deməli qalibiyyət də olacaq. Gənclər də bizə baxıb ruhlanacaq. Bizim bu yaşda gücümüz gənclər qədər olmasa da, ən azından onlarda ruh yüksəkliyi yaratmaq və onları vətənpərvərliyə səsələmək bizlərin üzərinə düşür.

 
- Qərb ölkələri ilə müqayisədə bizdə xanımların müharibəyə getməsinə yaxşı baxmırlar. Müharibə qadını kimi sizin buna münasibətinizn necədir?

- O vaxt qapalı mühitdən çıxmış insanlar idik. İndi insanların düşüncəsində çox dəyişikliklər var. Qadının müharibəya getməsi hissini biz çox ağır yaşadıq. Pis baxdılar, hər sözü dedilər, amma onların dediklərinin heç birinə əhəmiyət vermədik. Qadınların müharibəyə getməyinə pis baxmaları kişilərin bir növ hökmranlığından irəli gəlir. Biz adət etmişik ki, kişilər daha öndə olsunlar. Bu baxımdan kişiləri də hardasa qınamıram. Amma bu da bir gerçəklikdir ki, kişilər olmasaydı bizlər heçnə edə bilməzdik. Təbii ki, biz də olmasaydıq onlar üçün çətin olardı. On dəqiqə vaxtımız olanda belə oturub, səngərdən gələn əsgərlərin islanmış ayaqları üçün yun corablar toxuyurduq. Deyirdik ki, heç olmasa yarım saat ayaqları isti olsun. Bizlər bir-birimizə belə dayaq olmuşuq. Bu gün o insanların əməyini itirmək olmaz.


- Sizcə, müharibə veteranları üçün hansı güzəştlər olmalıdır?

- Deyirlər ki, saxta müharibə veteranı çoxdur. Əlbəttə, onları bu adı elələrinə verən qurumlar  yaxşı tanıyır. Müharibə veteranının, Qarabağ əlilinin, şəhid ailələrinin imtiyazlarının ləğvi qətiyyən doğru deyil. Azərbaycanda müharibə veteranlarının  müavinətindən aşağı müavinət yoxdur. Bizim heç bir ehtiyaclarımızı ödəməyən həmin o müavinət müharibədən əziyyət çəkən, sağlamlığınmı itirən bu insanlara nə verir? Doğurdanmı o itkiləri əvəz edir?  Bu gün müharibə veteranları üçün heç nə edilmir. Bizlərin nə ev problemimizə, nə də kompensasiya məsələmizə baxılır.

- Müharibə insanına qarşı münasibətin dəyişilməsi üçün hansı işlər görülməlidir?

- Biz ilk növbədə münasibətin dəyişilməsi üçün ölkə başçısı ilə görüşüb, problemlərimiz ona çatdırmaq istəyirik. Bəlkə o zaman bizlərə qarşı münasibət dəyişə bilər. Əminəm ki, bu məsələləri prezidentə çatdıraraq problemlərimiz həll edə bilərik. Bu gün bəzi dövlət orqanları üzərlərinə düşən öhdəlikləri yerinə yetirsələr, heç kim narazı olmaz. Amma bunlar yetərincə edilmir.

 

 

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi