Modern.az

Siyasi partiyalar nazirliklərdəki ictimai şuralarda yer ala bilməyəcək

Siyasi partiyalar nazirliklərdəki ictimai şuralarda yer ala bilməyəcək

18 Yanvar 2014, 12:00

Azərbaycan prezidenti İlham Əliyev “İctimai iştirakçılıq” haqqında qanunun icrasına başlamaq üçün fərman imzalayıb. Dövlət idarəetməsində vətəndaşların ictimai hüquqi prinsiplərlə bilavasitə  iştirakını nəzərdə tutan sözügedən qanunun tətbiq mexanizminin əhatə dairəsi hökumət qurumlarını əhatə edir. Ancaq istisnalar da mövcuddur. Belə ki, bu qanunun müddəaları bələdiyyələrin , siyasi partiyaların, QHT-lərin, həmkarlar ittifaqlarının, peşə birliklərinin fəaliyyətinə şamil olunmur. Vətəndaşların dövlət idarələri ilə ştatdankənar əməkdaşlığını nəzərdə tutan qanunun 4-cü maddəsinə görə dövlət siyasətinin formalaşması, həyata keçirilməsində ictimai rəyin önəmi vacib əhəmiyyət kəsb edəcək. Ancaq bu maddənin tələblərinin nə dərəcədə reallaşacağını indidən söyləmək çətindir. Çünki əhalinin dövlət qurumlarına inamı, onlarda hökumət strukturları haqqında formalaşan mənfi təsəvvürləri arxa plana keçirmək olmaz. İctimai iştirakçılıq könüllülük, şəffaflıq meyarları əsasında həyata keçiriləcək. İctimai iştirakçılığın təşkilati-hüquqi formalarına ictimai dinləmə, ictimai müzakirə, ictimai şura və s. daxildir. Vətəndaşların adıçəkilən qanunun kriteriyaları çərçivəsində dövlətlə cəmiyyət arasında körpü rolunu oynamasının gücləndirilməsini zəruri edən müddəaların özünü doğruldacağını isə zaman göstərəcək. O da bəlli deyil ki, qurum rəhbərləri ictimai şura üzvlərini özü təyin edəcək, yoxsa həqiqətən könüllülük nəzərə alınacaq.

Qeyd edək ki, bu qanun qəbul olunmazdan öncə Daxili İşlər Nazirliyinin tabeliyində ictimai şuralar mövcud idi. DİN dəfələrlə İctimai Şura üzvlərini polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulasa da, cəmiyyətin əksər hissəsi onlardan narazıdır. Belə ki, aksiyalar zamanı iri  cüssəli mülki geyimli şəxslərin (onların çoxunun polis yanında ictimai şura üzvü olduğu söylənilir) kobudluğu da müşahidə edilib. Sovet vaxtı “drujinaçı”ların funksiyasını müasir zamanda icra edən şura üzvlərinin sayının 4 mindən çox olduğu da bildirilib.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB