Modern.az

Ərzaq təhlükəsizliyi: Mütəxəssislər deyir ki, çarə kooperasiyaların yaradılmasıdır

Ərzaq təhlükəsizliyi: Mütəxəssislər deyir ki, çarə kooperasiyaların yaradılmasıdır

18 Yanvar 2014, 12:21


Azərbaycan üçün əsas məsələlərdən biri də ölkənin ərzağa olan tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Ancaq hələ ki, qidaya olan tələbatın yerli istehsal hesabına təmin edilməsi mümkün olmayıb. Araşdırmalara əsasən, ölkədə istehlak malları bazarı təqribən 50-60% idxal hesabına formalaşır. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri fərdi növ məhsulların istehsal olunmamasındadır. Bununla yanaşı, heç bir aidiyyəti olmayan, xüsusilə kənd təsərrüfatı məhsullarının dəyərinin artması monopoliya nəticəsində baş verir. Monopolistlər ölkəyə müxtəlif kənd təsərrüfatı mallarının, o cümlədən tərəvəz, meyvə və digərlərinin idxal olunmasına nəzarət edir.

Digər məqam onunla bağlıdır ki, Azərbaycanda yerli məhsullar əvəzinə xaricdən gətirilən məhsulların satışına daha çox üstünlük verilir. Başqa bir tərəfdən, Azərbaycanın aqrar ölkə olmasına baxmayaraq, xaricdən gətirdiyi məhsulların həcmi kifayət qədər böyükdür. Azərbaycanda birmənalı şəkildə idxal məhsullarının qarşısı alına bilməz. Amma yerli məhsul istehsalını artırmaq və daha çox yerli istehsal hesabına praktik olaraq xaricdən əlaqəni aradan qaldırmaq mümkündür. Ölkəyə elə məhsullar idxal olunur ki, həmin məhsul daxildə yetərincə istehsal olunur. Son illər ölkədə aqrar kənd təsərrüfatı mallarını saxlamaq üçün bir sıra anbarlar inşa edilib. Bunların sayı bir qədər də artırılmalıdır. Bütün bunlara baxmayaraq, tələbatın ödənilməsində idxalın çəkisi yüksək səviyyədə qalmaqdadır. Tələbatın əsasən daxili istehsal hesabına ödənilməsi üçün 2008-2015-ci illərdə dövlət proqramının başa çatmasına isə təxminən bir il vaxt qalıb. Modern.az hazırda hansı ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödədiyimizi araşdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, hazırda Azərbaycan meyvə, tərəvəz və kartofa olan tələbat tam ödənilir. Onun sözlərinə görə, 2015-ci ilə kimi qarşıda duran məsələ isə ərzaq buğdasına və heyvandarlıq məhsullarına olan tələbatı ödəməkdir. “Hazırda ərzaq buğdasına olan tələbatın 80%-i yerli, 20%-i isə qədəri idxal hesabına ödənilir. Odur ki, əsas məsələ əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına ödəməkdir. Ölkə başçısı da öz çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Hətta bunu qarşıya bir vəzifə kimi qoyub ki, iri taxılçılıq təsərrüfatlarının yaradılmalıdır. Artıq bu təcrübə özünü doğruldub. Məsələn, bu il həmin təsərrüfatlarda 54 sentnerdən artıq məhsul alınıb ki. bu da ümumi göstəricilərdən iki dəfə çoxdur. Əkin dövriyyəsinə yeni torpaqların qaytarılması və “Kooperasiya haqqında” Qanunun qəbul olunmasıdır ki, bu qanundan irəli gələrək fermerlərin birləşərək kooperativlərin yaradılmasıdır. 2015-ci ilə kimi digər sahələrdə də tələbat yerli istehsal hesabına ödəniləcək”.

Kənd təsərrüfatı üzrə ekspert Zahid Abbasov isə hesab edir ki, Azərbaycanın ərzağa olan tələbatını tam ödəmək üçün təsərrüfatlar kooperasiyalarda birləşməlidir. Mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycan yalnız kartof, meyvə və tərəvəzə olan tələbatını ödəyə bilir. Bitki yağı, balıq və taxıl məhsullarında isə defisitlər var.

“Dünya Səhiyyə Təşkilatı bütün dünya üzrə adambaşına düşən 10 ərzaq məhsulunun normasını müəyyənləşdirib. İnkişaf etmiş ölkələrin hamısında belə normalar var. Vaxtilə bu norma sovetlər dönəmində də var idi. Təəssüflər olsun, indi belə bir norma təsdiq olunmayıb. Adambaşına düşən ərzaq məhsulu əvəzinə isə istehlak olunan miqdarı götürürük. Hesablamalar aparanda yalnız kartofun, meyvə və tərəvəzin tələbatımızı ödəyir”.   

Zahid Abbasov onu da bildirdi ki, hazırda dövlət proqramı ilə taxıl istehsalı 3 milyon ton nəzərdə tutulub. “Amma bu miqdar da Azərbaycanın taxıla olan tələbatını ödəməyəcək. Çünki 3 milyon ton taxıl istehsal etdiyimiz vaxtlar olub. Hesab edirəm ki, kənd təsərrüfatı kooperativləri yaradılmalıdır. O zaman istehsalı artırmaq mümkün olacaq. Çünki kooperasiya yaranarsa, orada müasir texnika, innovasiyalar tətbiq etmək mümkündür. Fərdi və xırda təsərrüfatlarda isə bu mümkün deyil. Xarici ölkələrin təcrübəsi göstərir ki, bütün dünya da bu istehsala getdiyinə görə kənd təsərrüfatı sayəsində irəliləyiş əldə edə bilib. Bunun üçün də həmin istehsal, həm də istehlak kooperasiya yaradılmalıdır. Həmçinin kooperasiya hərəkatları genişlənməlidir”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB