“Milli Şura Qərb dairəsinin layihəsi idi. Qərb seçkilər ərəfəsində müxalifətin birləşməsi ideyasını ortaya qoymuşdu. Milli Şuranın Rusiya layihəsi olmasını Vladimir Putinin özü təkzib etdi”. Bu sözləri Modern.az-a açıqlamasında ASDP sədri Araz Əlizadə AXCP ilə Müsavat arasındakı siyasi qalamaqalı şərh edərkən bildirib.
“İsa Qəmbər nə baş verdiyini yaxşı bilir”
“Müxalifət də birləşdi. İndi bir sual ortaya çıxır. Nə üçün AXCP və Müsavat Qərb himayədarlarının sözünə baxmışdılar?”-deyə A. Əlizadə qeyd edib. ASDP rəhbəri tezislərini əsaslandırmaq üçün arqumentlər də irəli sürüb. O söyləyib ki, məhz Qərb dairələrinin maraqları çərçivəsində Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli öz ambisiyalarından müvəqqəti olaraq əl çəkib. “Çünki onlara özlərini yaxşı aparmayacağı təqdirdə küncə qoyacaqlarını xəbərdar etmişdilər. Yəni AXCP və Müsavata maliyyə ayırmayacaqdılar. Ona görə də onlar Milli Şura, onun əvvəlki vahid namizədi Rüstəm İbrahimbəyovun olması barədə razılığa gəldilər. Müsavat partiyası sanki Rüstəm İbrahimbəyovun kim olmasını bilmirdi və guya birdən ayılıb”.
“Necə olur ki, Rusiyanın xaricdə layihələri ilə Müsavat əməkdaşlıq edir?”
A.Əlizadənin sözlərinə görə, AXCP və Müsavat rəsmilərinin seçkilər ərəfəsində xaricə səfərlərinin əsas məqsədi maliyyə vəsaiti tapmaq olub.
ASDP sədri bildirib ki, seçkidən sonra Milli Şuranın sədri Cəmil Həsənlinin xarici ölkələrə səfərindən sonra müxalifət üçün əsas təhlükə yaranıb. “Əsas təhlükə AXCP ilə Müsavatın pulunun azalacağı oldu. Müsavat partiyası bundan sonra Rüstəm İbarhimbəyovun Rusiyanın adamı olması fikrini ortaya atdı. Onda sual verilə bilər ki, Ermənistan Rusiyanın proyektidir? Bundan başqa “Gürcü Arzusu” bloku Rusiya layihəsidir? İsa Qəmbərin Gürcüstan parlamentinin sədri ilə xoş münasibətləri, Erməni Milli Hərəkatı ilə isə dostluq və əməkdaşlıq müqaviləsi var. Necə olur ki, Rusiyanın xaricdə layihələri ilə Müsavat əməkdaşlıq edir, Azərbaycanın daxilində isə bundan qaçır. Müsavat partiyasının irəli sürdüyü fikirlər hamısı boş söhbətlərdir. Heç kəs ona gələn pulu ayrıları ilə bölüşmək istəmir”.
Aqşin Kərimov