Bu gün Parlamentdə təmsil olunan siyasi partiyaların və Dağlıq Qarabağın azərbaycanlı İcmasının təşkilatçılığı ilə 20 yanvar faciəsinin anım tədbiri keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bildirib ki, 20 yanvar şəhidlərinin ailələri daim diqqət mərkəzindədir: “Bu faciəni unutmaq olmaz, yaddaşlara həkk olunub. Hadisələr hamının gözü önündə baş verib. Biz bu faciəni dünya ictimaiyyətinə çatdırmalıyıq. Müəyyən işlər görmüşük. Bilirsiniz ki, Azərbaycanın rayonda bu faciə ilə bağlı silsilə tədbirlər keçiririk. Hər birimiz bu istiqamətdə işlərimizi genişləndirməliyik”.
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa 20 yanvarın matəm günü kimi qeyd olunmasının əleyhinədir: “20 yanvar faciəsinə Qarabağ müharibəsi kontekstində baxmaq lazımdır. Bu bizim həm tarixi, həm də hüquqi faciəmizdir. Fakt odur ki, hüquqi baxımdan ciddi addımlar ata bilməmişik. Bu günü milli matəm günü anlayışından çıxarmalıyıq. Məsələn, sovet ordusuna qarşı mübarizə günü kimi xarakterizə oluna bilər. İkinci dünya müharibəsi zamanı Yaponiyaya atom bombası atdılar. Amma onlar həmin günü matəm kimi qeyd etmir, çünki xalq irəliyə baxır. Şəhid ailələrinə diqqət artırılmalıdır, bu, ayrı məsələdir, amma bütövlükdə matəm kimi qeyd edilməməlidir. Bu istiqamətdə mübarizə aparmalıyıq”.
“20 Yanvar Cəmiyyəti”nin sədri Sultan Əzimzadə çıxışında 20 yanvar şəhidlərinə diqqət ayrılmamasından şikayətlənib: “20 yanvar hadisələrində müəyyən qədər əli olan insanlar hakimiyyətə gələndə bu faciəyə nə hüquqi, nə də siyasi qiymət verdilər. Onlara layiq olduqları adı vermədilər. Bu məsələnin mənəvi tərəfi bizi maraqlandırır. Azərbaycanın azadlığı, müstəqilliyi yolunda ilk dəfə 20 yanvarda şəhid veriblər. Ciddi təkidlərimiz nəticəsində 1992-ci ildə 20 yanvar şəhidlərinin hamısına, əlillərdən isə 23 nəfərə “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdi. 1993- cü ilə etdiyimiz müraciətə əsasən 31 nəfərə bu ad verildi. Bununla bağlı işlərin aparılması üçün göstərişlər oldu, lakin sonrakı müddətdə Milli Məclis həmin adların ləğv olunması ilə bağlı qərar qəbul etdi”.
S.Əzimzadə qeyd edib ki, bu məsələlərlə bağlı dəfələrlə müvafiq orqanlara müraciət olunub: “Tələbimiz 20 yanvar şəhidlərinin kimliyinin dəqiqləşdirilməsi ilə bağlıdır. Bu şəxslərin hansı statusa sahib olmaqları ilə bağlı hər hansı sənəd yoxdur. Qarabağ müharibəsi və 20 yanvar əlillərinin, demək olar, pensiya təminatı eyni səviyyədədir. Əslində bu təminatlar nə Qarabağ əlillərini, nə də 20 yanvar əlillərini təmin edir. Yəni, bu vəsait onların dərmanlarının puluna çatır. Onların kommunal xidmətlərlə bağlı imtiyazları ləğv edildi, əvəzində kompensasiya verildi. Qiymətlər dəfələrlə artırılsa da, hələ bu məbləğ qaldırılmayıb. Bilirəm ki, bu məsələlər Milli Məclis tərəfindən prezidentə təqdim olunarsa, həll ediləcək. Təəssüflər olsun ki, insanlar öz boyunlarına düşən vəzifə borclarını yerinə yetirmirlər. Milli Məclisin deputatları maaşlarının artırılması ilə bağlı çıxışlar edirlər, amma bu məsələyə toxunmurlar”.
Millət vəkili Qənirə Paşayevə isə bildirib ki, bu hadisəyə millətin ruhunun dirçəlməsi kimi baxılmalıdır: “20 yanvar faciəsi şəhidliklə bağlı anlayışımızı dəyişdi. Gənclər Qarabağ müharibəsinə gedərkən bu şəhidlərin abidəsi önündə and içirdilər. Təkcə ağlamamlıyıq, həm də düşünməliyik. Ölkədə bu məsələrlə bağlı addımlar atılır, amma hələ də həllini gözləyən məsələlər var”.
Sonda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov və digər tədbir işrirakçıları çıxış ediblər.
İlkin