Yanvarın 18-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.
İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verib ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılıb. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.
Azərbaycan Prezidenti əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxıb.
Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşüb.
Ali Baş Komandan şəxsi heyəti salamlayaraq deyib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma-tikinti işləri çox yüksək səviyyədə görülüb. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının kifayət qədər möhkəm olduğunu bildirib.
”Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Azərbaycana gələn çoxsaylı yüksək vəzifəli nümayəndə heyətlərinin mühafizəsi də sizin məsuliyyətinizdir. Nəzərə alsaq ki, bu gün Azərbaycan və Bakı artıq siyasi və iqtisadi mərkəzə çevrilibdir, burada keçirilən tədbirlərin sayı həddindən artıq çoxdur. Bütün mötəbər tədbirlərdə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilir. Siz Azərbaycana gələn xarici dövlət, hökumət başçılarının mühafizəsini təmin edirsiniz. Zirvə görüşləri, digər beynəlxalq forumlar keçirilir. Əlbəttə ki, bu tədbirlərin mühafizəsi bilavasitə sizin məsuliyyətinizdir. Demək olar ki, Azərbaycanda hər ay, bəlkə də ayda bir neçə dəfə mötəbər tədbirlər keçirilir. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsində Xidmətin əməkdaşlarının xidmətləri vardır.
Eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən enerji sahəsində də sizin xidmətləriniz vardır. İxrac boru kəmərlərinin mühafizəsi də sizə həvalə edilibdir. Uzun illərdir ki, siz strateji enerji infrastrukturunun mühafizəsi ilə məşğulsunuz və bu illər ərzində bir dənə də xoşagəlməz hadisə olmamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər kəmərlər, onların fəaliyyəti Azərbaycan ərazisində ən yüksək səviyyədə təmin edilir. Bir dəfə də olsun heç bir qanunsuz müdaxilə olmamışdır”.
İlham Əliyev deyib ki, Azərbaycanda təhlükəsizliklə bağlı bütün tədbirlər yüksək səviyyədə təmin edilir.
”Əminəm ki, bundan sonra da belə olacaqdır. Çünki yerləşdiyimiz region əlbəttə ki, hamımızdan xüsusi diqqət tələb edir. Azərbaycanın ətrafında gedən xoşagəlməz proseslər əlbəttə ki, bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır. Biz buna hazırıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, o cümlədən daxili sabitlik və təhlükəsizlik hesabına təmin edilir”.
Modern.az