Modern.az xəbər verir ki, Güney Azərbaycanda itkin düşən soydaşımızn atası İran hökumətindən kömək istəyib. Ümidi hər yerdən qırılan qoca ata gənc oğulunun itgin düşdüyü andan 3 il sonra səbiri tükənib, sonunda susqunluğunu pozaraq, oğlu diş həkimi Əlirza Piri Dizəcinin Təbrizdə 3 ildən artıqdır evdən çıxıb və bir daha geri dönmədiyindən xəbər verib.
Qeyri-rəsmi mənbələrdən verilən məlumatlara görə Əlirza 2011-ci ilin yanvar ayında şəxsi avtomobilində İran təhlükəsizlik və informasıya nazirliyinə (ETTELAAT) mənsub olan şəxslər tərəfindən tutulub və indiyə kimi taleyi barədə heç bir məlumat eldə edilə bilinməyib.
Dərdli atanın dediyinə görə, oğlu Əlirza 2009-cu ildə keçirilən münaqişəli president seçkisində hazırda ev dustağı olan Mir Hüseyn Musəvinin tərəfdarlarından və onun seçki kampaniyasının üzvlərindənimiş. Əlirza Piri 18 yanvar 2011-ci il tarixində Təbrizdə müəmmalı şəkildə yoxa çıxıb. Atasının, həyat yoldaşının və yaxınlarınən bu barədə İran dövlətinin məhkəmə organlarına və təhlükəsizlik qüvvələrinə dəfələrcə etdiyi müraciətlər nəticə verməyib.
İtkin düşən azərbaycanlı həkimin atası Məhəmməd Həsən Piri jurnalist Məsih Əlinəjada verdiyi müsahibəsində Həsən Ruhani dövlətindən oğlunun tapılması üçün yardım istəyib və deyib: “Biz istəyirik ki, dövlət orqanları oğlumuzun harda olduğu barədə məlumat versinlər. Mənim oğlumun heç bir günahı yoxdu və indiyə kimi heç bir cinayət işləməyib. O bir həkim idi, mən oğlumu ilk öncə tanrıdan və daha sonra hökümətdən istəyirəm”.
Yaşlı ata müsahibəsində İran dövlət məqamlarına üz tutaraq, onların qarşısında çarəsizlikdən qürurunu sındıraraq söyləyib: ”Əgər oğlunun bir günahı varsa, qoca ata-anasının vəziyyətinə baxsınlar, onu əfv etsinlər, bağışlasınlar. Əgər hökümətə qarşı bir iş görübsə, qələt eləyib, mən də qələt eləmişəm. Onun ailəsinə, uşağına rəhm eləsinlər və mənim oğlumu azad etsinlər, gəlsin evinə. Biz daha bu dünyada yaşamaqdan doymuşuq”.
2009-cu ildə ildə keçirilən münaqişəli prezident seçkilərindən sonra müxalif namzədlərin tərəfdarları və seçkinin nəticəsinə etiraz edən şəxslər ağır təziqlərə məruz qaldılar. Onlarca insan küçələrdə, türmələrdə öldürüldü, həbsxanalarda işgəncəyə və cinsi təcavüzə məruz qaldı, yüzlərcə mədəni və siyasi fəal ağır həbs cəzasına məhkum edildi. Bunların içində Azərbaycan türklərinin də sayı az deyil. Əlirza Piri Dizəci onlardan biridir, 3 ildən artıqdır taleyi haqda heç bir məlumat yoxdur . Valideyinlərinin, həyat yoldaşının, qızının və qardaşının hələ də gözləri yoldadı və həsrətlə Əlirzanın bir gün evə qayıdacaığını və onlara qovuşacağını gözləyirlər.
Elçin Hatəmi