Modern.az

30 illik mübarizəm - II YAZI

Aktual

17 Fevral 2025, 09:20

(əvvəli burada)

Ya siqareti buraxmalıydım, ya da...

Birincini seçdim. Amma 30 il siqaret çəkdikdən sonra. Bu illər ərzində getmədiyim klinika, girmədiyim terapiya seansı, çeynəmədiyim nikotin saqqızı, sınamadığım elektronik siqaret qalmadı. Ta ki, 2009-cu ilə qədər...

Əczaçı dostum Zeynep Akaslan gündə 2 - 3 ədəd siqaret çəkirdi. Tiryaki demək olmazdı ona. Bir gün “gəl birlikdə ataq bu zəhrimarı” dedi. MORA Terapiyanın adını da ilk dəfə o vaxt eşitdim. İstanbulda bu metodu ilk tətbiq edən rəfiqəsinin əri idi. Bakırköydəki kabinetinə getdik onun.

İçəridə hər birimizə penisillin şüşəsi böyüklüyündə iki kiçicik flakon verdilər. Mütəmadi şəkdiyimiz 2 ədəd siqareti (o vaxt mən “Muratti”, Zeynep isə yüngül qadın siqareti çəkirdi) yarıya qədər çəkib, kötüyünü flakonlara qoyduq. Həkim flakonu ilk dəfə gördüyümüz bir cihaza yerləşdirdi. Sakit bir caz musiqisi çalırdı. Rahat bir kresloya oturdum. Cihazdan çıxan kabelləri əl və ayaqlarıma bağladılar. Heç bir şey hiss etmədim, məgərsə bütün hadisə siqaret kötüklərinin elektromaqnetik dalğaları ilə bağlı imiş. Oturub 40 dəqiqəlik seans boyu bədənimə göndərilən dalğaları “qəbul etdim”. Seansın qiyməti 240 türk lirəsi (o vaxtkı kursla təxminən 60 dollar) idi. Bu da ayda siqaretə verdiyim pul qədərdi. Bir aylıq siqaret parası ilə ömürlük qurtulacaqdım bu zəhrimardan...

MORA Terapiya asılılıq yaradan maddənin ətrafa yaydığı dalğaları orqanizmdən silmə metodudur. Əslində hər dahi ixtira onun sadəliyindədir. Cihazın funksiyası siqaret kötüyünün elektromaqnetik dalğası ilə eyni dalğanın tərs amplitudasını toplamaq və bununla da o dalğanı sıfırlamaqdan ibarətdir. Beləcə, nikotin və ya siqaret hafizədən silinir. Bu cihaz hələ də biorezonans sahəsində ən son texnoloji sayılır...

Kabinetdən çıxanda həkim “Bu gece bebek gibi uyuyacaksın” dedi. Həqiqətən də o gecə daş kimi yatdım. Səhər dinc və enerjili oyandım. Yataqdan qalxanda əlim “onu” axtardı, lakin özümü elə hazırlamışdım ki, tezcənə o sarsaq fikirdən vaz keçdim. Həkimin məsləhəti ilə o günü SPA-da keçirtdim. 3 gün sonra ağlıma belə gəlmədi çəkmək.

Bir müddət içki məclislərindən uzaq durdum. İçki “siqareti çağıracaq” deyə ehtiyat edirdim. Dostlarla ilk axşam yeməyində də çəkmədim. Odur-budur, siqaret nədir bilmirəm. Bəzən yuxuda siqaret çəkir, qarabasmış kimi qan-tər içində oyanır, bunun yuxu olduğunu anlayıb rahatlayıram.

Gündə 1 qutu siqaret illik 500 rentgen şüalanmaya bərabərmiş. 10 il siqaretə xərclənən pula isə bir Audi A4 almaq olarmış. Audi almasam da bu rəqəmləri ciddiyə alıram. Gəldiyim tək nəticə isə belədir – “Dünyaya bir də gəlsəm, etməyəcəyim tək şey siqaret çəkməkdir”.

Həyatım kökündən dəyişib – artıq üst-başımdan o murdar qoxu gəlmir, səhərləri “döyülmüş” kimi deyil, dincəlmiş oyanıram, təngnəfəslik və gecə öskürüklərindən, təkrarlanan anginalardan qurtulmuşam. Paltar şkafını açanda burnuma gələn o iyrənc qoxular yoxa çıxıb.

O il ağzım dad almağa başladı, dəhşətli iştah əmələ gəldi. Yeməklərdən ləzzət almağa başladım, əvvəlkindən daha çox yeyirdım. Bir müddət sonra 8 kilo kökəldiyimin fərqinə vardım. Ənsəmdəki küt ağrılar artınca göz həkimi olan həyat yoldaşım məni kardioloqa apardı. Qısa tədqiq və müayinədən sonra “Hipertoniya başlanğıcı” diaqnozu qoyuldu. Təzyiq dərmanına otuzdurdular məni. Yeməklərimə diqqət edir, nadirən içir, içəndə də ancaq qırmızı şərab. Tez bir zamanda yaxşı hiss etməyə başladım özümü.


Bir axşam təsadüfən əlimə Amerikan Ürək Dərnəyinin (American Heart Association) bülleteni keçdi – “Hər artıq kiloqram təzyiq dəyərini 1 dərəcə artırır” yazırdı. ‘’Siqareti buraxdım, təzyiqəmi baş əyəcəm?’’ deyə hərəkətə keçdim. Hər səhər 05.45-də Bosforda yürüyüşə başladım.

Arnavutköydən 2-ci körpüyə – Rumelihisarına qədər sürətli templə yeriyir, qar-qış, soyuq, fırtına, qovurucu günəş demədən həftədə 6 gün qan-tərə bata-bata gündə 7 km qət edirdim. Yuxuma haram qataraq alacaqaranlıqda qalxırdım. 1 saat yürüyüşdən sonra evə qayıdır, duş alır, hazırlaşır, səhər yeməyini yeyib işə gedirdim. Bir dəfə də olsun işə gecikmədim, hər səhər 09.00-da ofisdə – iş otağımda olurdum. 4 həftə sonra təzyiqim 12-yə 8 olmuşdu. Təzyiq dərmanı da getdi işinin dalınca…

İşdən sonra axşam yüngül yemək yeyib fitnes kluba gedir, 2 saat da orda tər tökürdüm. Bir müddət sonra NBA-in ‘’nəbz artırma’’ metodu haqda oxudum. Qaçmağa başladım o metodla. Normal yürüyüş zamanı yağlar ərimir. Nəbzi “çaşdırmaq, aldatmaq” lazımmış məgərsə – 4 dəqiqə sürətli templə yerimək, 1 dəqiqə qaçmaq və bu sıra ilə ən az bir saat. Bədən alışınca bunu 5+2 və ya 6+3 sıralaması ilə də yapmaq olar. Bu sxemlə bədəndəki yağlar sürətlə əriyir, metabolizma sürətlənir və artıq kilolar gedir. Nəticədə yuxumun keyfiyyəti artdı, qandakı şəkər və təzyiq sapmaları tənzimləndi.

8 aya düz 12 kq (!) arıqladım. Mənim üçün fantastik nəticə idi bu. Bacardığıma inana bilmirdim. Bununla da yetinməyib ‘’Yapon üsulu su içməyə’’ başladım. Artıq illərdir ki, hər səhər oyanan kimi acqarnına 640 ml su içirəm, həm də dişini fırçalamadan – yaponlar buna əsas şərtlərdən biri kimi önəm verirlər. Səhər yeməyinə suyu içdikdən 45 dəqiqə sonra oturulmalıdır. İlk günlər bir səfərə yarım litrdən çox su içmək çətin idi. Alışınca adətkar oldum. Bir də hər il sentyabrda mütləq qrip peyvəndi oluram. Vəssalam, mənim sağlam həyat tərzi təcrübəm bundan ibarətdir…

Məndən sonra MORA ilə 29 nəfər (!) dost–tanışım da siqareti atdı. Zatən MORA Terapiya 92 faizlə dünyada ən yaxşı nəticə verən metoddur, effektivliyinə görə birinci yerdədir. Amma yenə də əsas məsələ işi ilk olaraq beyində çözməkdir – siqareti tərgitməyi çox istəmək lazımdır. Mən beynimdə çözmüşdüm əvvəlcə, Mora sadəcə olaraq işimi asanlaşdırdı. Amerikalı yazar, populyar ‘’Elm və Sağlamlıq’’ kitabının müəllifi Meri Beyker Eddi-nin dediyi kimi, “Sağlamlıq bir bədən məsələsi deyil, beyin məsələsidir”.

Yapon üsulunu da ətrafımda çox insan mənimsəyib. Bunun sayəsində təzyiq, diabet kimi bir çox zillətlərdən qurtulanlar var.

***
Siqareti burax, amma həyatı buraxma.
Kanuni Sultan Süleyman da nə gözəl deyib o vaxtlar:

Halk içinde mu’teber bir nesne yok devlet gibi
Olmaya devlet cihânda bir nefes sıhhat gibi.

Yəni Möhtəşəm Süleyman deyir ki, xalq arasında var-dövlətə, vəzifəyə mötəbər bir şey kimi baxılır, amma cahanda bunlar bir nəfəs səhhət, sağlamlıq qədər dəyərli deyillər…

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi