Keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna respublikası”nın təşəbbüskar lideri Yuri Lutsenko hakimiyyətlə danışıqlar getməsə də, Maydanın tələblərinin prezident Viktor Yanukoviçə çatdırıldığını deyib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, tələblər vasitəçilər vasitəsilə prezidentə göndərilib: “Prezidentin hazır olduğu kompromislərin sərhədinin hara qədər olacağını eşitmək istəyirik”.
Lutsenko prezidentlə baş tuta biləcək görüşə müxalifət liderlərinin gedəcəyini də istisna etməyib. Bununla belə, o Yanukoviçin etiraz edənlərin bütün tələbləri ilə razılaşacağı illüziyasına qapılmaq istəmir: “Yanukoviç yaxşı mənada insanlara qulaq asmağı istəmədi, ona görə ən fəallar onu nə istədiklərini daha bərkdən xatırlatdılar”. Yanvarın 19-dan Kiyevdə etirazçılarla güc strukturları arasında baş verən qarşıdurma nəticəsində hər iki tərəfdən çox sayda adam yaralanıb. Qarşıdurma hələ ki səngisə də, etiraz edənlər geri çəkilmək niyyətində deyillər. Ukraynanın baş prokuroru Viktor Pşonka Kiyevin mərkəzində baş verənləri dövlət əleyhinə cinayət və milli təhlükəsizliyə xələl gətirəcək hadisə adlandırıb. Yanvarın 20-də Maydanda hakimiyyətlə məsləhətləşmək üçün yaradılan qrup Yanukoviçə 5 tələb irəli sürüb.
Modern.az