“İsrail parlamentində Xocalı soyqırımının tanıdılması istiqamətində işlər gedir. Amma deyə bilmərəm ki, faciənin ildönümünə qədər Knesset hər hansı qərar qəbul edəcək, ya yox”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-İsrail Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib.
O, qeyd edib ki, İsraildə fəaliyyət göstərən diasporumuz, xüsusilə “Şahdağ” adlı qeyri-hökumət təşkilatı bu işdə ciddi səylər göstərir.
“Onların sıralarında Bakı, Quba, Oğuz kimi şəhər və rayonlarda yaşamış keçmiş yəhudilərdir. “Şahdağ”çılar spiker, ayrı-ayrı komissiya sədrləri ilə görüşüblər və bu məsələni bu yaxınlarda Knessetdə müzakirəyə çıxaracaqlar. Amma bundan əvvəl hər hansı bir komissiyada geniş müzakirə edilməli və yekun qərar qəbul edildikdən sonra Knessetin ümumi iclasına çıxarılmalıdır”.
Xocalı soyqırımının İsraildə tanınmasının daim diqqətdə saxladığını deyən Y. Abramov yaxınlarda İsrailə Azərbaycan deputatlarının səfərinin gözlənildiyini bildirib. “Hazırda dəqiqləşdirmələr aparılır. Ola bilsin ki səfər Xocalı faciəsinin ildönümündən sonra, yaz fəslində olacaq. Amma məndə dürüst məlumat yoxdur ki, Xocalı faciəsinə qədər Knesset hər hansı qərar qəbul edəcək. Mən bu məsuliyyəti öz üzərimə götürə bilmərəm. Bu məsələlər gündəmdədir. İsraildə hazırda vəziyyət elədir ki, bir balaca tramplin lazımdır, fikrimcə Azərbaycanın hökumət təşkilatları, Xarici İşlər Nazirliyindən bu işə dəstək verilməlidir. Bu ölkədə səfirliyimiz yoxdur. Səfirliyimiz orada olsa, bu iş çox asan başa gələcək”.
Aytən ƏLİYEVA